AZ

Böyüklük nümunəsi

Bu günlər Cənubi Qafqazda diqqətçəkən bir hadisə baş verdi - Qazaxıstan  taxılı Ermənistana Azərbaycan üzərindən ixrac olundu. İlk baxışda bu, sadəcə iqtisadi-logistik əməliyyat olsa da, əslində, regionun geosiyasi mənzərəsində yeni bir səhifənin açılması demək idi.

Həmin marşrutun reallaşması təkcə nəqliyyat dəhlizlərinin genişlənməsini deyil, həm də uzun illər bir-birinə qarşı düşmən münasibəti sərgiləmiş Azərbaycan və Ermənistan arasında etimadın formalaşmasının mümkünlüyünü göstərirdi. Cənubi Qafqazda sülhün iqtisadi körpülər üzərindən qurulması ideyası son zamanlar tez-tez səslənsə də, real addımlar az idi. Qazaxıstanın bu addımı həmin konsepsiyanın praktik təcəssümü sayıla bilər. Hadisənin baş verməsi həm də onunla bağlıdır ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyevin sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.

"Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktikada da mövcud olduğunun yaxşı göstəricisidir", - İlham Əliyev Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevlə görüşündən sonra belə deyib.

Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması İrəvanda da diqqətdən kənarda qalmayıb. Ermənistan rəhbərliyi bunu sülh istiqamətində atılmış mühüm addım kimi qiymətləndirib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib: "Artıq iki gündür müzakirə olunur ki, Azərbaycan Ermənistana qarşı tranzit məhdudiyyətlərini ləğv edib. Mən Tbilisidə keçirilən İpək yolu konfransında bu qərara görə, Azərbaycan Prezidentinə minnətdarlığımı bildirdim və həmin addımı alqışladım. Eyni təşəkkürü burada da demək istəyirəm, çünki bu çox vacib qərardır. Bütün bunlar göstərir ki, Vaşinqton Bəyannaməsi və əldə olunan razılaşmalar sadəcə sənəd deyil. Biz artıq konkret nəticələr görürük".

Sual yarana bilər ki, bu, sadəcə bir tranzit əməliyyatı, yoxsa regionda sülh və əməkdaşlıq üçün yeni bir mərhələnin başlanğıcıdır? Hadisələr onu diktə edir ki, bu, həm tranzit əməliyyatı, həm də iqtisadi əməkdaşlıq üzərindən regionda sülh və etimadın ilk əməli göstəricisidir. Marşrut birbaşa siyasi danışıqların nəticəsi olmasa da, sülh jesti kimi qiymətləndirilə bilər. Azərbaycan bu tranzitlə regional iqtisadi mərkəz rolunu gücləndirir, üstəlik, Ermənistanla iqtisadi qarşılıqlı asılılığın olmasına və etimadın bərpasına ilkin zəmin yaradır. Ermənistan isə böyük bir qazanc əldə edərək uzun illər təcrid vəziyyətində qaldığı ticarət yollarına alternativ çıxış imkanlarına sahib olur. Qazaxıstana gəldikdə, o, neytral vasitəçi rolunda özünü etibarlı tərəfdaş kimi göstərir və regional diplomatiyada balansın qorunmasına şərait yaradır. 

Təbii ki,  Zəngəzur dəhlizi (TRIPP) açıq olsaydı, Qazaxıstandan gələn yük daha sürətli və daha optimal marşrutla ünvana çatdırıla bilərdi ki, bu da tranzit xərclərinin azalmasına və ticarətin daha səmərəli həyata keçməsinə imkan verərdi. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyət göstərməsi Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın daha çox  genişləndirilməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradır. Zəngəzur dəhlizi, yaxud TRIPP ətrafında yaranan fikir ayrılıqları və qarşılıqlı inamsızlıq səbəbindən proseslər hələlik ləng irəliləyir. Belə bir şəraitdə Qazaxıstan kimi neytral və dost dövlətin təşəbbüsü ilə baş verən tranzit əməliyyatı xüsusi əhəmiyyət kəsb edir.

Qazaxıstanın Azərbaycan üzərindən Ermənistana yük göndərməsi, əslində, Bakı ilə İrəvan arasında etimadın müəyyən dərəcədə bərpa olunduğuna işarədir. Eyni zamanda Azərbaycanın özünü regionda etibarlı tranzit və logistika mərkəzi kimi təsdiqləməsinin göstəricisidir. Məlumdur ki, Bakı enerji ixracatçısı olmaqla yanaşı, həm də  Orta dəhlizin mühüm qovşağıdir. Məhz bu amil Azərbaycanın  Qazaxıstan, Orta Asiya və Cənubi Qafqaz arasında iqtisadi körpü rolunda çıxış etməsinə imkan verir. 

Qazaxıstan Orta Asiyanın ən iri taxıl ixracatçılarından biridir və məhsulunu, əsasən, Rusiya, Çin və Qara dəniz limanları üzərindən göndərir. Lakin son illər geosiyasi gərginliklər, sanksiyalar və nəqliyyat məhdudiyyətləri onu alternativ marşrutlar axtarmağa vadar edib. Bu səbəbdən Orta dəhliz Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan üzərindən Ermənistana açılan bu yeni tranzit marşrutu da məhz  Orta dəhlizin bir qolu kimi qiymətləndirilə bilər. Bu xətt  logistik baxımdan daha qısa və təhlükəsiz, siyasi baxımdan isə simvolikdir. İllərlə bir-birinə qapalı sərhədlərdən baxan ölkələr indi eyni iqtisadi zəncirin həlqələrinə çevrilirlər.

Əslində, Azərbaycan üçün bu tranzit sadəcə yük daşınması deyil, strateji əhəmiyyət daşıyan iqtisadi imkan deməkdir. Yəni Bakı öz ərazisindən keçən yüklərdən gəlir əldə edir və regionda etibarlı nəqliyyat, ticarət mərkəzi kimi mövqeyini möhkəmləndirir. Eləcə də ölkənin logistika potensialını artırır və nəqliyyat infrastrukturunun daha səmərəli istifadəsinə şərait yaradır. 

Ermənistana  gəlincə, qonşu dövlət üçün  bu marşrut yeni bir nəfəsdir, açıq qapıdır. 30 il təcrid vəziyyətində qalan ölkə indi alternativ ticarət yollarına çıxış imkanı qazanır. Bu, onlar üçün həmçinin iqtisadi sabitlik və daxili ictimai-siyasi mühitin normallaşması baxımından mühüm amildir. 

Beləliklə, üç ölkə üçün də gərəkli olan bu marşrut Cənubi Qafqazda qarşılıqlı faydaya əsaslanan iqtisadi əlaqələri praktik müstəviyə çıxarır. Sülh təkcə diplomatik sənədlərdən asılı deyil ki?! Sülh - mallar, marşrutlar və iqtisadi maraqlar vasitəsilə də formalaşır. Bu mənada Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması  sülhün praktik ilk testidir.

Ümumilikdə baş vermiş bu hadisə göstərir ki, Cənubi Qafqaz siyasətdən çox iqtisadi diplomatiya meydanına çevrilməkdədir. İndi dövlətlər bir-birinə təsir göstərmək üçün silahdan və təzyiq dilindən deyil, nəqliyyat dəhlizlərindən, ticarət müqavilələrindən və logistik əməkdaşlıqdan istifadə edirlər. Bu isə uzunmüddətli sabitliyin yaranması üçün ən real mexanizmdir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
94
azerbaijan-news.az

1Mənbələr