AZ

Bakı Dövlət Sirki iki illik fasilədən sonra genişmiqyaslı şou təqdim edib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 oktyabr, Günel Alıyeva, AZƏRTAC

Bakı Dövlət Sirki iki illik fasilədən sonra genişmiqyaslı şou ilə tamaşaçıların qarşısına çıxıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Macarıstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Tədbiri Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev açaraq iştirak edən bütün qonaqlara minnətdarlığını bildirib və layihənin hazırlıqlarının bir il davam etdiyini vurğulayıb. O, həmçinin bu genişmiqyaslı layihənin uğurlu təşkili və həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Daha sonra Budapeşt Dövlət Sirkinin direktoru Peter Fekete çıxış edərək Azərbaycan və Macarıstan arasında mədəni əməkdaşlığın əhəmiyyətini qeyd edib.

“Bu, Avropanın ən böyük şapito-sirki və bəlkə də dünyanın ən gözəl sirkidir. Məhz bu gün bu səhnədə belə bir əlamətdar hadisənin baş verdiyinə görə, Macarıstan və Azərbaycana, eləcə də Budapeşt və Bakı şəhərlərinə minnətdarlığımı bildirirəm”, - deyə Peter Fekete qeyd edib.

Tamaşada yeddi ölkədən - Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya, Argentina və Fransadan sənətçilər iştirak ediblər.

Tamaşaçılar argentinalı sənətçilərin möhtəşəm jonqlyorluq çıxışları, Efiopiya akrobatlarının dinamik roller konkisürmə səhnələri və pilləkənlərdə çıxış edən Qazaxıstan qrupunun - beynəlxalq sirk festivallarının qaliblərinin gözqamaşdırıcı nömrələrindən zövq aldılar.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev qeyd edib ki, bu, sirkin yeni məkanında təqdim olunan ilk böyük layihədir.

“2024-cü ilin yanvar ayından etibarən Bakı Dövlət Sirki əvvəlki inzibati binasında fəaliyyətini müvəqqəti olaraq dayandırıb. İndi isə biz yeni, müasir məkanda fəaliyyətimizi bərpa edirik. Bu, asanlıqla quraşdırıla bilən şapito-sirki Mədəniyyət Nazirliyinin dəstəyi ilə Macarıstandan Azərbaycana gətirilib”, - deyə direktor qeyd edib.

N.Ağayevin sözlərinə görə, yeni proqramın əsas xüsusiyyəti onun Macarıstan Dövlət Sirki ilə ilk birgə layihə olmasıdır.

“Şouda macar sirk sənəti ustaları - klounlar, akrobatlar və müxtəlif janrlardan olan sənətçilər iştirak edirlər. Təqdim olunan nömrələrin çoxu Azərbaycanda ilk dəfə nümayiş olunur”, - deyə rejissor sözünü yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
135
1
azertag.az

2Mənbələr