AZ

ABŞ Ukraynaya "Tomahawk" raketləri verəcəkmi? -Hərbi ekspert real riskləri açıqladı

"Vaşinqtonun Rusiya neft sektoruna qarşı sanksiyaları ciddidir, lakin bu, iqtisadiyyatımıza əhəmiyyətli təsir göstərməyəcək." Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, ABŞ-nin “Rosneft” və “Lukoil”i hədəfə aldığını, lakin Rusiya neftinin əvəzolunmaz olduğunu bildirib. Putin həmçinin “Tomahawk” raketlərinin Ukraynaya tədarükünün eskalasiyaya səbəb olacağı barədə xəbərdarlıq edib.

Bəs ABŞ Rusiyanın bu təhdidinə rəğmən Ukraynaya "Tomahawk" raketlərini tədarük edəcəkmi?

Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, dünta Ukrayna müharibəsi başlayandan bəri on dəfələrlə Rusiyaya qarşı fərdi və kollektiv sanksiyaların tətbiq edildiyinin şahidi olub:

"Lakin bu sanksiyalar Rusiyanı müharibəni dayandırmağa vadar edə bilməyib. Başqa sözlə, sanksiyaların tətbiqi Rusiyaya ciddi təsir göstərmir. Bunun əsas səbəblərindən biri sanksiyaların yerinə yetirilməsinə nəzarət mexanizminin olmamasıdır. Məsələn, bəzi hallarda Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi pilotsuz uçan aparatlarda və ballistik, taktiki raketlərdə sanksiya tətbiq edən ölkələrdə istehsal olunmuş ehtiyat hissələrinə rast gəlmək mümkündür. Bu, o deməkdir ki, Rusiya sanksiyalardan yayınmaq üçün həm birbaşa, həm də dolayı yollarla bu ehtiyat hissələrini əldə edə bilir. Nəticədə öz yerli istehsalını davam etdirir və həmin imkanlar hesabına Ukraynada işğalçı müharibəsini davam etdirir. Putin isə hələ də bu sanksiyaların Rusiyaya əhəmiyyətli təsir göstərməyəcəyini bildirir. İndiyə qədər 19-20 sanksiya paketi tətbiq olunub, amma Rusiya hələ də müharibəsini davam etdirir".

Ekspertin sözlərinə görə, hələlik “Tomahawk” raketlərinin Ukraynaya verilməsi barədə konkret qərar yoxdur:

"Ümid edək ki, ABŞ bu raketlərin Ukraynaya verilməsinə razılaşacaq. Lakin problem ondadır ki, həmin raketləri istifadə edəcək heyət Ukraynada mövcud deyil, yəni kadr çatışmazlığı var. Bu heyət kənardan gəlməlidir, məsələn, ABŞ-dən və ya Böyük Britaniyadan. Onların silahlarla birlikdə Ukrayna ərazisinə gəlməsi və raketləri buraxması isə NATO-nun birbaşa Rusiyaya qarşı müharibədə iştirak etməsi demək olacaq ki, bu da Rusiyanın daha geniş müharibəyə başlamasına və eskalasiyanın artmasına səbəb ola bilər".

Müsahibimizin fikrincə, Rusiya hazırda NATO ölkələrinə müəyyən müdaxilələr edir.

"Ola bilsin ki, bu müdaxilələr genişlənsin və eskalasiya daha da artsın. “Tomahawk" raketlərinin tədarükünə dair real faktlar hələlik mövcud deyil. Onların əsasən dənizdən və sualtı buraxılan versiyaları istehsal olunub. Qurudan buraxılan versiyanın hazırlanması texniki cəhətdən mümkündür, lakin ABŞ-nin bu istiqamətdə hansı addımlar atdığına dair konkret məlumat yoxdur. Buna baxmayaraq, ümid edək ki, bu raketlər Ukraynaya çatdırılacaq, çünki əks halda Rusiyanı dayandırmaq və sülh və ya atəşkəs üçün danışıqlar masasına dəvət etmək çətin olacaq", - deyə Ədalət Verdiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
55
1
redaktor.az

2Mənbələr