AZ

Tramp iki neft şirkətinin əli ilə Putini masaya oturtmaq istəyir...


Qulamhüseyn Əlibəyli: “ABŞ-ın sanksiyaları neft sektoruna müəyyən qədər təsir göstərə bilər, amma tam çökdürə bilməz”

ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiyanın ən böyük “Rosneft” və “LUKoil” şirkətləri sanksiya siyahısına salınıb.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd olunur ki, bu addım Kremlə iqtisadi təzyiqi artırmaq, Rusiyanın enerji gəlirlərini azaltmaq və onun hərbi maşınının maliyyələşməsini məhdudlaşdırmaq məqsədi daşıyır. “İndi qətlləri dayandırmaq və dərhal atəşkəs elan etmək vaxtıdır. Prezident Putinin bu mənasız müharibəyə son qoymaqdan imtina etdiyini nəzərə alaraq, Maliyyə Nazirliyi Kremlin hərbi maşınını maliyyələşdirən Rusiyanın iki ən iri neft şirkətinə sanksiya tətbiq edir”, – maliyyə naziri Skott Bessent bildirib.

Tramp euronews-a açıqlamasında açıq bildirib ki, məqsəd Putini çökdürməklə danışıqlar masasına gətirməkdir: “Əminəm ki, Putin ağıllanacaq”.

Eyni zamanda Avropa İttifaqı Rusiyaya qarşı on doqquzuncu sanksiya paketini qəbul edib. Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın sözlərinə görə, yeni sanksiyalar Rusiya banklarına, kriptovalyuta birjalarına, eləcə də Hindistan və Çindəki müəyyən strukturlara yönəlib.

Maraqlıdır, iki neft şirkətinin çökdürülməsi, sanksiya tətbiq edilməsi Rusiyanı Ukraynada həqiqətən çökdürə biləcəkmi? Trampın bu məqsədi nə qədər realdır?

“Qərb nəinki Rusiyanın, Ukraynanın da təbii sərvətlərinə yiyələnmək istəyir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli buna bir neçə prizmadan yanaşdı: “Ümumən, Rusiyanın neft sektorunda problemləri var. Yəqin ki, Putin də bu problemləri aradan qaldırmaq üçün müəyyən tədbirlər görür. Trampın hədə-qorxusu, sanksiyası konkret bir istiqamətə yönəlib. Yəni ümumi xarakter daşımır. O mənada ki, bütövlükdə baxsın görsün Rusiya nə edəcək. Əsasən Rusiyanın neft şirkətlərini maliyyələşdirmədən məhrum etmək, onların fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi güdür. Prinsip etibarilə bu, mümkün olan variantlardan biri kimi nəzərdən keçirilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyanın neft şirkətlərinə qarşı maliyyə sanksiyalarının tətbiq olunması, satışına qadağa qoyulması bütövlükdə Rusiyanın tam gəlirlərdən məhrum edilməsi demək deyil. Bu o demək deyil ki, Rusiya bütövlükdə neftini sata bilməyəcək, belə bir imkana malik olmayacaq. Onsuz da Rusiya qaçaqmalçılıq yolu ilə neftini ixrac edir. Üstəlik, Rusiya neftinin ən böyük alıcısı Çindir. Düzdür, Çin Rusiya neftini ucuz qiymətə alır, amma bunun alış həcmi böyükdür. Digər tərəfdən, Rusiyanın yüzlərlə tankeri var ki, başqa ölkənin bayraqları altında üzərək neft ixrac edir. Ona görə də ABŞ-ın sanksiyaları Rusiyanın neft sektoruna müəyyən qədər təsir göstərə bilər, amma tam çökdürə bilməz. Düşünmürəm ki, bu, Rusiyanı diz çökdürməyə məcbur edəcək. Problem ondadır ki, Rusiya ərazi baxımından çox böyük ölkədir. Təbii sərvətləri də olduqca zəngindir. Ona görə də 2022-ci ildən tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına, maliyyə vəziyyətinə təsir göstərsə də, hələ ki, bu ölkəni güzəştə getməyə məcbur etmək imkanında deyil. Avropa İttifaqının Rusiyaya qarşı on doqquzuncu sanksiya paketinin də ciddi nəticə verəcəyi real görünmür. Ona görə ki, bundan əvvəlki 18 sanksiya paketi elə bir effekt verməyib. Rusiya dolayı yollarla bundan yayına bilib. Düzdür, bu sanksiyalar bir neçə ildən sonra özünü daha çox göstərəcək, amma indiki halda ölkəni diz çökdürmək gücündə deyil. Fikrimcə, Qərb maraqlıdır ki, Rusiya-Ukrayna müharibəsi uzun müddət davam etsin. Bu isə Rusiyanın uzunmüddətli zəiflədilməsinə hesablanıb. Yəni Qərb bu minvalla Rusiyada iqtisadi maraqlarını təmin etmək istəyir. Nəinki Rusiyanın, Ukraynanın da təbii sərvətlərinə yiyələnmək istəyirlər”.

Vidadi ORDAHALLI

Seçilən
92
baki-xeber.com

1Mənbələr