"Ölkəmizin cənub-qərbində yerləşən, Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlı rayonunun işğaldan azad olunması tarixi Zəfərimizi daha da yaxınlaşdırdı. Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri də Qubadlının azad edilməsidir. 25 oktyabr tarixi, 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi Kəlbəcərə, Laçına gedən yolun açılmasını təmin etdi. Qubadlı əməliyyatından sonra ordumuzun strateji üstünlüyü xeyli yüksəldi. Artıq Qubadlı ilə Ermənistan–Azərbaycan sərhədlərinin bərpası da başlandı. Məhz buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı Zəfəri tariximizdə özünəməxsus mövqe tutur".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Qubadlının işğaldan azad olunması Azərbaycanın bütün Qarabağa hakim olması və nəzarət etməsi baxımından böyük əhəmiyyət daşıyırdı:
"Ermənistan Qubadlını işğal etdikdən sonra rayonda daşı daş üstə qoymamışdı. Barbarlıq və vandalizmə məruz qalan rayon ərazisində bütün sosial infrastruktur dağıdılmış, kommunikasiya xətləri məhv edilmiş, daşına bilən hər şey talan edilərək satılmışdı.
Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ən zəngin yerlərindən olan Qubadlı faydalı qazıntılarla zəngindir. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu. İşğaldan azad edildikdən sonra Ali Baş Komandan İlham Əliyev dəfələrlə Qubadlıya səfər edib. Ölkə Prezidentinin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır.
Bu gün Qubadlı rayonunda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı praktiki addımlar atılır. Rayonda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı üçün geniş imkanlar yaradılıb".
Vüsalə İbrahimli