AZ

“Şərqi Araz Dəhlizi” Ermənistanda narahatlıq yaradır - Zəngəzur dəhlizi tez açıla bilər...


Məlum olduğu kimi cari ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid kimi ABŞ prezidenti tərəfindən imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açıb.

Görüş zamanı əldə edilən tarixi uğurlardan biri də Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin razılaşdırılmasıdır.

ABŞ Administrasiyası TRIPP-i kommersiya layihəsi kimi təqdim etsə də, bu təşəbbüsün geosiyasi çəkisi və strateji hədəfləri danılmazdır. Azərbaycanın eksklavı olan Naxçıvana maneəsiz nəqliyyat çıxışını təmin edəcək bu yolun 99 il müddətinə ABŞ-a icarəyə verilməsi həm siyasi, həm də təhlükəsizlik baxımından Azərbaycanın maraqlarına uyğundur. Rəsmi Bakı kommunikasiya məsələsində qonşu İranın maraqlarını da nəzərə alaraq, “Şərqi Araz Dəhlizi” adlandırılan alternativ layihəni də həyata keçirir. Bu məsələyə nəzərə salan Rusiyanın “Ritmeurasia” nəşri yazır ki, bu halda Ermənistan TRIPP-in açılmasını tezləşdirməlidir: “Azərbaycan Araz çayı və İran sərhədi boyunca, Horadiz-Ağbənd istiqamətində təxminən 130 km uzunluğunda dəmir yolu xəttinin tikintisini başa çatdırmaq üzrədir.Bu xətt Zəngəzur dəhlizinin şərq girişinə xidmət edəcək. Bu inkişaf, Bakı-Tiflis-Qars dəmir yolunu da nəzərə alaraq, regionda Türkiyəyə yönəlmiş inteqrasiya olunmuş tranzit və logistika sisteminin formalaşmasına gətirib çıxarır. Eyni zamanda, türk şirkətləri əks istiqamətdə, Türkiyəni Azərbaycanın Naxçıvan bölgəsi ilə birləşdirəcək, Ermənistandan yan keçən 224 km uzunluğunda Qars-Dilucu dəmir yolu layihəsini həyata keçirirlər. Tikintinin 2029-cu ildə başa çatdırılmasından sonra Türkiyə proqnozlaşdırır ki, illik yükdaşımalar ən azı 15 milyon ton olacaq. Türkiyə rəhbərliyi bu layihəni “Asiya ilə Avropa arasında yeni körpü” adlandırır. Lakin əsas birləşdirici element Ermənistanın cənubundan keçəcək Zəngəzur dəhlizi olaraq qalır. Eyni zamanda İrəvan 2021-ci ildən alternativ marşrut təklif edir, bu, İcevan-Qazax-Ağstafa (təxminən 80 km) yoludur. Bu, Azərbaycanın şimal-qərbi ilə Ermənistanın şimal-şərqini birləşdirən və Türkiyəyə çıxışı olan ən qısa yoldur. Lakin bu xətt 1991-ci ildən bəri fəaliyyətsiz olduğundan yenidən qurulmalıdır. Türkiyə ilə Ermənistan arasında 1993-cü ildən bağlı olan müntəzəm dəmir yolu əlaqəsinin 2026-cı ilin birinci yarısında bərpası planlaşdırılır, lakin bu, çox güman ki, Azərbaycanın planlarına uyğun gəlmir. Üstəlik, Bakı və Ankara əsasən Azərbaycanla Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsi yaratmaqda maraqlıdır. Bu baxımdan, Türkiyə-Azərbaycan dəmir yolu dəhlizinin məqsədi Türkiyəyə yönəlmiş tranzit və logistika sistemi qurmaqdır ki, bu da Türkiyə-Gürcüstan-Azərbaycan xətti ilə əlaqələndirilir. Bütün bunlar birlikdə Avropaya və əks istiqamətə transtürk tranzit marşrutu formalaşdırır. Xarici analitik nəşrlər həmçinin qeyd edir ki, bu sistem Mərkəzi Asiya ölkələrindən və oraya gedən yükləri də cəlb edəcək. Bu, az da olsa, Xəzər dənizinin dayazlaşması ilə bağlıdır ki, bu da Qərbin təşəbbüsü ilə reallaşdırılan transxəzər tranzit layihələrinin əksəriyyətinin həyata keçirilməsini çətinləşdirir.

Mərkəzi Asiya ilə Azərbaycan arasında əsas əlaqə uzun müddətdir ki, Bakı və Türkmənbaşı limanları arasında fəaliyyət göstərən Transxəzər bərə kompleksi vasitəsilə təmin edilir. Xəzərin bu mərkəzi hissəsində hələlik dayazlaşma müşahidə edilmir və yaxın illərdə yeni bərə marşrutlarının yaradılması mümkündür. İrəvanın mövqeyinə gəlincə, qeyd olunmalıdır ki, Azərbaycan-Türkiyə marşrutunun qərb hissəsi Ermənistanın cənubundakı Araz çayı və İran sərhədi boyunca uzanan, təxminən 45 km-lik Zəngəzur dəhlizi adlanan hissədən keçir. Ermənistan tərəfi həmin sahədə öz suverenliyinin qorunmasına dair təsdiq tələb edir. Lakin son zamanlar Vaşinqtonda bu dəhliz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” kimi elan olunub. Bundan əlavə, dəhliz azı 99 il müddətinə müəyyən ABŞ şirkətlərinin konsorsiumuna icarəyə verilir. Ermənistanın narahatlığı həm də tarixi amillərlə bağlıdır, həmin sahə və ona bitişik şahələr Sovet dövründə Azərbaycan SSR Dəmir Yolları İdarəsinin tabeliyində idi. Bu, uzunluğu 550 km-dən çox olan “Zaqafqaziya Transsibir Dəmir Yolu”nun mərkəzi hissəsini təşkil edir və 1942-43-cü illərdən etibarən tam şəkildə Azərbaycanın nəzarətində olan İrəvan-Naxçıvan-Culfa (İrana çıxış)-Mehri-Horadiz-Ələt-Bakı xəttinə daxildir.

Eyni zamanda, dəmir yolunun Ermənistanın cənub hissəsində planlaşdırılan ABŞ mövcudluğu İran sərhədi boyunca hərbi-siyasi gərginlik yaradır ki, bu da Tehran üçün şimaldan təhdid hesab olunur. Buna görə də İranın mövqeyi kəskin mənfi xarakter daşıyır. “Cənubi Qafqaz sahibsiz torpaq deyil ki, Tramp onu icarəyə götürsün. Qafqaz dünyanın ən həssas siyasi bölgələrindən biridir və bu dəhliz “Trampın tranzit yolu” deyil, onun muzdlularının məzarlığı olacaq”, - deyə İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti bəyan edib. O həmçinin “əmin” olduğunu bildirib ki, Rusiya da strateji baxımdan bu dəhlizə qarşıdır, lakin hər halda İran Cənubi Qafqazın təhlükəsizliyini müstəqil şəkildə qorumaqda qərarlıdır. İran Azərbaycanla Türkiyə arasında tranzit dəmir yolu əlaqəsinin öz versiyasını təklif edir, lakin bu layihə nə praktik, nə də siyasi baxımdan Bakı və Ankara üçün maraqlı görünür. Ümumilikdə belə təsəvvür yaranır ki, “Tramp yolu” və Azərbaycanla Türkiyə arasında sürətləndirilmiş birbaşa dəmir yolu əlaqəsinin yaradılması Cənubi Qafqazda öz mövqelərini gücləndirmək və nəticə etibarilə Ermənistanı öz maraqlarına tabe etdirmək üçün Vaşinqton və Ankaranın birgə strategiyasının ayrılmaz hissəsidir”. bütün bunalr fonunda isə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan Ermənistanın Azərbaycana verdiyi yol barədə danışarkən qeyd edib: “Ermənistan Azərbaycana dəhliz verir, kim necə istəyirsə adlandırsın, bu, dəhlizdir, çünki “maneəsiz yol” məhz dəhlizdir. Belə çıxır ki, biz dəhliz veririk, Azərbaycan isə bir dəfə Aktaudan buğda gətirməyə imkan verir, budur sizin blokadanın aradan qaldırılması”.

RAMİL QULİYEV

Seçilən
92
baki-xeber.com

1Mənbələr