AZ

Paşinyan "2-ci Eçmiədzin kilsəsi" qurdu - Asatryan yeni katolikos olacaq...


Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin bəzi binalarını ələ keçirmək niyyətində olduğunu açıqlayıb. O, orada oğruların və yalançı keşişlərin fəaliyyət göstərdiyini iddia edib və dindar bir xristian olaraq bunu dayanıb seyr edə bilməyəcəyini vurğulayıb.

Buna görə də baş nazirə görə, dövlətə məxsus kilsələrdə xidmətlər davam edəcək, lakin bu xidmətlər Allahın layiqli qulları hesab olunan şəxslər tərəfindən aparılacaq.

Parlamentdə çıxış edən Paşinyan bəyan edib ki, Ermənistanda mənəvi həyat sürmək mümkün deyil, çünki buna Erməni Apostol Kilsəsinin rəhbəri II Qareqin və ona sadiq ruhanilər mane olub: “Bir tərəfdən biz dəyərlərə əsaslanan cəmiyyətin olması zərurətindən danışırıq və bu, mübahisəsizdir. Digər tərəfdən, sual budur ki, cəmiyyətin dəyərlərinin episentri özü çirkləndikdə buna necə nail olmaq olar". Bununla belə, Paşinyan vəziyyətdən çıxış yolu tapıb. Onun sözlərinə görə, bir çox kilsələr Ermənistan hökumətinin balansındadır, ona görə də onları Erməni Apostol Kilsəsinin əlindən almaq olar: “Mən inanıram ki, mənəvi həyatın yox, intriqaların, manipulyasiyaların və saxta xəbərlər qruplarının olduğu yerdə bu kilsələri cəmiyyətə qaytarmaq üçün hər cür mənəvi və hüquqi əsasımız var”. Qeyd edək ki, Ermənistanın baş naziri ən azı may ayından bu məqsədlə çalışır. Onun anti-kilsə kampaniyası, ruhanilər arasında korrupsiyaya və saflığa qarşı mübarizədən başlayaraq indi kilsə rəhbərliyinin ən yüksək səviyyələrini əhatə edən anti-hökumət sui-qəsdini üzə çıxarmaq mərhələsinə qədər davam edir. Paşinyanın sözlərinə görə, son damla ən qədim və ən hörmətli monastırlardan biri olan Ovannavankın keşişi Aram Asatryanın fəaliyyətinə xitam verilməsi olub. Baş nazirlə katolikos arasındakı qarşıdurmada Aram Asatryan II Qareqini yox, Paşinyanı dəstəkləyib. Keşiş İctimai Televiziyaya müsahibə verib və iddia edib ki, II Qareqin onu müxalifətin mitinqlərinə getməyə məcbur edib. Paşinyan bu fonda deyib: “İzlədiyim bu hadisələr məni inandırdı ki, Ovannavank kilsəsi insanın mənəvi həyat yaşaya biləcəyi yerdir. Son aylarda baş verənlər buna sübut oldu və mən sadəcə olaraq ruhani Asatryan olan icmaya qoşulmaq istəyirəm”. Nəhayət, baş nazir qərara gəlib ki, Asatryan kimi keşişlər Erməni Apostol Kilsəsindən geri alınacaq kilsələrdə xidmətini davam etdirməlidirlər. O, həmçinin bildirir ki, II Qaregin heç bir keşişin fəaliyyətinə son qoya bilməz, çünki özü subaylıq andını çoxdan pozub. Niyyətini təsdiqləmək üçün Paşinyan bazar günü Asatryanın rəhbərlik etdiyi kilsə mərasimində iştirak edəcəyinə söz verib. Onun Ovannavankda keçirilməsi planlaşdırılır. Öz növbəsində Ermənistan parlamentinin sədri Alen Simonyan II Qaregin adlı katolikosu tanımadığını bildirib: “Ktriç Nersisyan başa düşməlidir ki, o, bizi uçurumun kənarına itələmək gücündə deyil... Onsuz da gedəcək”. O da bazar günü liturgiyasında iştirak etmək niyyətindədir.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan hətta Erməni Apostol Kilsəsinin hazırkı rəhbərliyini keçmiş prezident Robert Köçəryanın “seçki qərargahı” adlandırıb: “Mömin şəxslərin Ktriç Nersisyanla nə əlaqəsi var? O, katolikos deyil? O, Ana Kilsədə olan Ktriç Nersisyandır. Allahın izni ilə o, özü ordan gedəcək. Artıq yolun yarısındadır. Aram Asatryanın fəaliyyətinin dayandırlması bunu göstərir”. Öz növbəsində II Qaregin istənilən təzyiqə müqavimət göstərməyə hazır olduğunu bəyan edib. O, hətta həbsxanadan belə kilsəyə rəhbərlik etməyə hazır olduğunu bildirib. Bu arada xatırladaq ki, Ermənistanda hüquq-mühafizə orqanları Araqatsotn yeparxiyasında genişmiqyaslı əməliyyat keçirib. Nəticədə yeparxiyanın başçısı, II Qareginin qardaşı oğlu olan yepiskop Mkrtiç Proşyanla yanaşı, daha 12 din xadimi, həmçinin mühasib, xəzinədar və köməkçi saxlanılıb. Xatırladaq ki, Proşyandan başqa arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan da həbs edilib. Birincini dövlət çevrilişi təşkil etdiyinə görə 15 ilə qədər həbs cəzası gözləyir, ikincisi isə artıq üsyana təhrik ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, İstintaq Komitəsi arxiyepiskop Natan Hovhannisyanı etiraz aksiyalarında iştirak etməyə məcbur etdiyinə görə katolikosdan şikayət edən keçmiş keşiş Aqan Yernjakyanla söhbətinin səs yazısı ilə bağlı dindirməyə çağırıb. Lakin Ovannisyan səs yazısının qanunsuz olduğunu əsas gətirərək ifadə verməkdən imtina edib. Politoloq Qrant Mikaelyan hesab edir ki, Paşinyan katolikosla qətiyyən maraqlanmır; onun əsl məqsədi kilsədə parçalanma təşkil etməkdir: “Hökumət başçısı Erməni Apostol Kilsəsini Azərbaycanla qurmaq istədiyi sülhə təhlükə hesab edir. Ona görə də onu parçalamaq qərarına gəlib. İndi Paşinyan yeni təşkilata rəhbərlik edə biləcək adamlar axtarır. Məsələn, o, İstanbulun ekumenik patriarxı Varfolomey və Kilikiyanın Böyük Evinin katolikosu I Paşin, Livanlı I Aram Fürmöru nəzərdən keçirir. Erməni Apostol Kilsəsi müxtəlif səbəblərə görə onları rədd edir”. Onun sözlərinə görə, əməliyyatın uğuru Paşinyanın hakimiyyətinin nə qədər davam edəcəyindən asılı olacaq: “Əgər Vətəndaş müqaviləsi” partiyası gələn il keçiriləcək parlament seçkilərində uduzsa, parçalanma cəhdi tezliklə unudulacaq, amma qalib gəlsə, Apostol Kilsəsi ən çətin günlərlə üzləşəcək. Çətin ki, kilsə tamamilə dağıdılsın, belə ki, hətta Ukrayna hakimiyyəti indiyədək Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsini ləğv edə bilməyib, lakin onlar ona ciddi ziyan vuracaqlar”. Amma da faktdır ki, erməni kilsəsi tarixində ilk dəfə olaraq belə parçalanır.

Tahir TAĞIYEV

Seçilən
33
6
baki-xeber.com

10Mənbələr