Bu mexanizm qadınların maliyyə yükünü azaldır, iqtisadi iştirakını isə gücləndirir...
2026-cı ildə “ƏDV gerial” mexanizminin tətbiq sahələri genişləndiriləcək. Bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, “ƏDV gerial” mexanizminin tətbiqi sahələrinin genişləndirilməsi (bərbər, gözəllik və kosmetoloji xidmətlər üzrə) 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilib.
Gələn ildən gözəllik və kosmetoloji, bərbər xidmətləri üzrə “ƏDV gerial” tətbiqinin xüsusilə qadınlara nə kimi faydası olacaq? Nəzərə alsaq ki, bu xidmətlərdən əsasən qadınlar istifadə edir, bu baxımdan bunun qadınlar üçün əhəmiyyəti nədir?
Yeni tətbiq həm istehlakçılar, həm də qadın sahibkarlar üçün iqtisadi üstünlüklər və şəffaflıq vəd edir. 2026-cı ildən etibarən “ƏDV geri al” mexanizmi kosmetoloji və bərbər xidmətlərinə də şamil ediləcək. Bu qərara əsasən, vətəndaş bu xidmətlərə görə nağdsız ödəniş etdikdə, ödənilmiş ƏDV-nin müəyyən hissəsini geri ala biləcək.
İqtisadi təhlillərə görə, bu addım xidmət sektorunda şəffaflığı artırmaqla yanaşı, xüsusilə qadınlar üçün real qənaət və maliyyə rahatlığı yaradacaq.
Hazırda 100 manatlıq kosmetoloji xidmətin 18%-i, yəni 18 manat ƏDV-dir. Yeni qayda ilə vətəndaş bu xidməti kartla ödəyərsə, təxminən 3–4 manatını geri alacaq.
Bu, xüsusilə bu xidmətlərdən mütəmadi istifadə edən qadınlar üçün illik yüzlərlə manat qənaət deməkdir.
Bu mexanizm qadınların istehlak gücünü artırmaqla yanaşı, xidmət bazarında qeyri-rəsmi dövriyyəni azaldacaq. Müştəri artıq çek tələb etməyə maraqlıdır, çünki bu zaman pulun bir hissəsi geri qaytarılır.
Yeni sistem salon sahibləri və bərbərxana operatorları üçün də üstünlük yaradır.
Rəsmi hesablaşma aparan müəssisələr etibar və müştəri axını baxımından daha çox üstünlük qazanacaq.
Beləliklə, qadın sahibkarların bazardakı payı və gəlirləri artım potensialı əldə edəcək.
Kosmetoloji və bərbər xidmətlərində ƏDV-nin geri alınması həm vergi şəffaflığı, həm də gender bərabərliyi baxımından mühüm addım sayılır.
Bu mexanizm qadınların maliyyə yükünü azaldır, iqtisadi iştirakını isə gücləndirir.
Fikrimizcə, bu siyasətin effektivliyi POS-terminalların geniş tətbiqi və rəsmi çek verilməsinin nəzarəti ilə birbaşa bağlı olacaq. Əgər mexanizm tam işləsə, bu, vergi siyasətində sosial yönümlü islahatın uğurlu nümunəsinə çevrilə bilər.
Eldəniz Əmirov: “...ƏDV-nin bir hissəsini geri almaq imkanı qazanır”
İqtisadçı Eldəniz Əmiriov “Bakı-Xəbər”ə bildirdi ki, “ƏDV gerial” layihəsi iqtisadiyyatın ağardılmasında, ödənişlərin uçotunun şəffaf aparılmasında çox önəmli innovativ, uğurlu layihədir. İqtisadçının fikrincə, bu layihə ona görə uğurludur ki, ödənişlərin şəffaflaşdırılması, uçotun dəqiqləşdirilməsi və vergidən yayınmanın qarısının alınması proseslərini təkcə hansısa bir dövlət qurumu aparmır, eyni zamanda bu proseslərdə vətəndaşların da iştirakını aktiv təmin edir. “Belə ki, “ƏDV gerial” mexanizmi tətbiq edilən sahələrdə vətəndaşlar etdikləri ödənişlərin qarşılığında müvafiq ödəniş qəbzlərinin, ödəniş çeklərinin alınmasını tələb edir. Bu isə onların ödədikləri pulun qeydiyyata alınmasını şərtləndirir. Beləliklə, şəffaflıq, uçotun dəqiqliyi artır. Nəticədə vergidən yayınma halları azalır. Bir tərəfdən, dövlət büdcəsinə vergi daxilolmaları artır, digər tərəfdən isə vətəndaş bu işdə iştirak etdiyinə, yəni iqtisadi ağardılma prosesində tərəf olaraq çıxış etdiyinə görə cəlb edilmiş ƏDV-nin bir hissəsi vətəndaşa qaytarılır. Mahiyyət budur. Bunun nəticəsi olaraq uduzan və udan tərəflər də olur. Uduzan tərəf qeyri-şəffaf fəaliyyət göstərən, ödəniş çeki verməyən təsərrüfat subyektləridir. Bu, fərdi sahibkar da, digər kateqoriyadan olan subyektlər də ola bilər. Udan tərəf isə dövlət büdcəsi və bu xidməti alan vətəndaşdır ki, sonradan ödədiyi vəsait qarşılığında əldə etdiyi çeklə ƏDV-nin bir hissəsini geri almaq imkanı qazanır”-deyə E.Əmirov qeyd etdi.
İradə SARIYEVA