AZ

Rusiya "Akkuyu" AES-dəkipayını 20 milyard dollara satır...


Akkuyu layihəsi - Moskvanın enerji diplomatiyası və satışın geosiyasi məhdudiyyətləri

Türkiyədə inşa edilən Akkuyu Atom Elektrik Stansiyası (AES) Rusiya və Türkiyə arasında son onilliklərin ən iri enerji əməkdaşlığı layihəsidir. Layihə 2010-cu ildə Rusiya Dövlət Atom Enerjisi Korporasiyası “Rosatom” ilə Türkiyə hökuməti arasında imzalanmış razılaşma əsasında həyata keçirilir.

Hazırda “Akkuyu Nükleer A.Ş.” adlı layihə şirkətinin bütün səhmləri tam şəkildə “Rosatom”un törəmə şirkətlərinə məxsusdur. Dövlətlərarası müqaviləyə əsasən, Rusiya tərəfi minimum 51% pay saxlamalı, qalan 49%-in Türkiyə və ya digər ölkələrdən olan investorlar tərəfindən alınması nəzərdə tutulurdu. Yəni layihə səhimlərinin 49%-nin satılması Rusiyanın Turkiyə qarşısında dövlətlərarası müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyidir. Lakin son 15 ildə bu plan reallaşmayıb - nə yerli, nə də xarici investor bu layihəyə daxil olub.

Əsas səbəb maliyyə risqləri və Qərb sanksiyalarının təzyiqidir. Bu səbəbdən “Rosatom” bugünə qədər Akkuyu layihəsinin yeganə maliyyə, texnoloji və əməliyyat sahibi olaraq qalır.

2025-ci ilin payızında Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Zafer Demircan “İzvestiya” qəzetinə açıqlamasında bildirib ki, “Rosatom”un layihədəki 49%-ə qədər payını satmaqla bağlı yalnız müzakirələr gedir, lakin konkret addım atılmayıb. Rusiya tərəfi bu satışdan əldə olunacaq gəliri başqa nüvə energetikası layihələrinə, o cümlədən Türkiyədə planlaşdırılan ikinci atom stansiyasına yönəltmək niyyətindədir.

Lakin bu ehtimal indiki şəraitdə reallıqda sıfıra yaxındır.

Kim “Rosatom”un payını ala bilər?

Baki-xeber.com nəşrinə görə, nəzəri olaraq üç istiqamət mümkündür:

- Türkiyəli dövlət və ya özəl investorlar, lakin bu halda Ankara Qərb sanksiyalarına məruz qala bilər;

- Yaxın Şərq sərmayə fondları (BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı) – amma bu ölkələr ABŞ və Avropa ilə sıx maliyyə əlaqələrinə görə belə risqli addımdan çəkinirlər;

- Çin şirkətləri – Pekin Rusiya ilə əməkdaşlığa açıq olsa da, nüvə texnologiyaları və Qərb sanksiyaları ilə bağlı sahələrdə çox ehtiyatlı davranır. Buna görə real alıcı yoxdur.

Əgər hər hansı dövlət və ya şirkət bu payı alsa, ABŞ Xəzinədarlığının OFAC qurumu həmin tərəfə qarşı ikinci sanksiyalar tətbiq edə bilər. Bu, bank hesablarının dondurulması, beynəlxalq maliyyə əməliyyatlarından kənarlaşdırılma və digər məhdudiyyətlər anlamına gəlir.

Beləliklə, Akkuyu payını almaq, sanksiya təhdidini qəbul etmək deməkdir.

Layihənin ümumi dəyəri təxminən 20 milyard dollar səviyyəsində qiymətləndirilir. 2010-cu il sazişinə əsasən, birinci enerji blokunun 2023-cü ildə - Türkiyə Cümhuriyyətinin 100 illiyinə qədər istifadəyə verilməsi planlaşdırılırdı. Lakin pandemiya, sanksiyalar, texnoloji sertifikatlaşdırma və Türkiyədəki inflyasiya səbəbindən tikinti 2-3 il gecikir.

Hazırda fiziki tamamlanma səviyyəsi 85–90% civarındadır və birinci blokun 2026-cı ildə, digərlərinin isə 2028-ci ilə qədər istismara verilməsi nəzərdə tutulur.

Akkuyu AES təkcə enerji layihəsi deyil - bu, Rusiya üçün Türkiyə üzərində strateji təsir vasitəsidir. 2010-cu ildə Rusiya və Türkiyə arasında bağlanan dövlətlərarası müqaviləyə əsasən stansiyanın idarəetməsi və yanacaq təminatı “Rosatom”un əlində qalacaq. Bu isə Ankaranin Moskvadan uzunmüddətli enerji asılılığını formalaşdırır.

Türkiyə üçün isə layihə həm enerji mənbələrinin şaxələndirilməsi, həm də siyasi balans alətidir: Ankara bir tərəfdən Rusiya ilə əməkdaşlığı saxlayır, digər tərəfdən Qərbə “müstəqil enerji siyasəti” mesajı verir.

Bu layihə ilə Türkiyə Rusiyadan enerji asılılığı qazansa da, bundan regionda ABŞ-la balansı qorumaq üçün bur alət kimi istifadə edir. Yəni Türkiyə boşuna Rusiyanın enerji asılılığına razılaşmayıb.

Bu gün “Rosatom”un Akkuyu AES-dəki 49%-lik payını satmaq nə iqtisadi, nə də geosiyasi cəhətdən realdır.

Rusiyanın sanksiyalar altındakı vəziyyəti, layihənin strateji əhəmiyyəti və Qərbin sərt reaksiyası nəzərə alınsa, bu ideya sadəcə diplomatik jest olaraq qalır.

Akkuyu layihəsi isə hələ uzun illər Rusiya-Türkiyə münasibətlərinin həm əməkdaşlıq, həm də asılılıq simvolu olaraq qalacaq.

Akif NƏSİRLİ

Seçilən
74
baki-xeber.com

1Mənbələr