Futbol üzrə Misli Premyer Liqasının IX turuna start verilib.
90deqiqe.Az xəbər verir ki, günün açılış oyunu “Karvan-Yevlax”la “Turan Tovuz” arasında keçirilib.
Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı yevlaxlılar açıblar — 69-cu dəqiqədə Şakil Sno fərqlənib. Lakin “Turan Tovuz” qısa müddət ərzində oyunun taleyini dəyişib. 71-ci dəqiqədə Alexandro Serrano, 77-ci dəqiqədə isə Roberto Olabe komandasına vacib qələbə qazandırıblar.
Bu nəticədən sonra “Turan Tovuz” 18 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. “Karvan-Yevlax” isə 5 xalla 11-ci pillədə qərarlaşıb.
Günün digər qarşılaşmasında “Kəpəz” Qəbələ şəhər stadionunda “İmişli”ni qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq.
Hazırda gəncəlilər 3 xalla sonuncu — 12-ci sırada, “İmişli” isə 9 xalla 8-ci yerdədir.
Qeyd edək ki, turun qalan oyunları oktyabrın 25-26-da keçiriləcək.