AZ

Media azadlığının inkişafına zəruri iqtisadi dəstək verildi...


Azərbaycan mediasının inkişafına dəstək dövlətin əsas prioritetlərindən biridir. Müxtəlif illərdə media subyektlərinin iqtisadi cəhətdən inkişaf etməsi, söz və məlumat azadlığı yolunda uğurla irəliləməsi üçün dövlət öz dəstəyini əsirgəməyib. Bu istiqamətdə atılan mühüm addımlardan biri

Azərbaycanda media subyektlərinə vergi güzəştlərinin tətbiq olunmasıdır. Bu amil medianın iqtisadi cəhətdən inkişafına böyük stimul verir.

Qeyd edək ki,“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verildi. Adı çəkilən qanunun qüvvəyə minməsi ilə Prezident İlham Əliyev 1 aprel 2023-cü il tarixində tarixində müvafiq Fərman imzaladı. Sənədə əsasən, 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edildi. Qeyd olunurdu ki, həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edildi.

Qeyd olunan güzəşt və azadolmaların audiovizual media subyektlərinə, yəni televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media subyektlərinə verilməsi istisna olunub.

Məlumatda qeyd olunurdu ki, əsasən stimullaşdırıcı xarakter daşıyan bu dəyişikliklər gələcəkdə media subyektlərini daha çevik və iqtisadi fəallığa uyğun biznes qurmağa, bu sahədə rəqabət mühitini təmin etməklə bütövlükdə medianın inkişafını təşviq etməyə şərait yaradacaq.

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti artırılır. Məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, media subyektləri üçün 2029-cu il yanvarın 1-dək vergi güzəşti tətbiq ediləcək.

Media subyektlərinə vergi güzəştlərinin müddətinin uzadılmasının medianın inkişafının təmin edilməsi baxımından nə kimi əhəmiyyəti var?

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, sözsüz, media subyektlərinin vergidən azad olunmasının müddətinin yenidən uzadılması müsbət hadisədir: “Bu, media subyektləri üçün çox önəmli bir faktordur. İlk növbədə bu təşəbbüslə çıxış edən Medianın İnkişafı Agentliyinə, İqtisadiyyat Nazirliyinə, Dövlət Vergi Xidmətinə, ən əsası isə Prezident İlham Əliyevə təşəkkür etmək lazımdır. Çünki media sübyektləri üçün vergi güzəştlərinin müddətinin artırılması çətindurumda olan mətbuata çox böyük dəstəkdir. Növbəti üç il müddətində də media subyektləri gələn gəlirlərə, eyni zamanda daxil olan vəsaitlərə görə vergidən azad olunacaq. Bu vəsaitlər media subyektləri tərəfindən daxili məsələlərin həllinə, qonorar verilməsinə, əməkhaqqının artırılmasına, çap mediasının keyfiyyətinin yüksəldilməsinə, saytlar, portallar üçün daha geniş imkanların açılmasına dəstək baxımından çox böyük əhəmiyyət daşıyır. Heş kimə sirr deyil ki, hazırda çap mediasının iqtisadi durumu ağırdır, demək olar ki, reklam bazarı yoxdur. Belə bir vəziyyətdə sözsüz ki, bu prosesin üç il də uzadılması mediaya dövlətimizin qayğısını, onun inkişafında maraqlı olduğunu, medianın iqtisadi durumunun daha da yaxşılaşmasına xidmət etdiyini göstərir”.

Bu üç il müddətində tətbiq olunan vergi güşətlərinin müsbət nəticələrini gördüklərini deyən Ş.Ağayevin sözlərinə görə, bu böyük effekt verdi, faydalı oldu: “İndən sonra da bu müsbət proseslər davam edəcək. Vergilərdən azad olunma medianın işinin keyfiyyətini yüksəltməsinə kömək edəcək”.

Ş.Ağayev qeyd etdi ki, üç il əvvəl Medianın İnkişafı Agentliyi bu təşəbbüslə əlaqədar qurumlara, İqtisadiyyat Nazirliyinə müraciət etdi və bu səmərəli iş həyata keçirildi, bunun yenidən üç il də davam etməsi sevindiricidir.

“Demokrat.az” xəbər portalının rəhbəri,“Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli də “Bakı-Xəbər”ə açıqlamasında media subyektlərinə növbəti dəfə vergi güzəştlərinin tətbiq edilməsinin böyük əhəmiyyət daşıdığını bildirdi: “Bildiyiniz kimi, Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Bununla bağlı məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Çünki media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı.

Şübhəsiz ki, bu qərar Azərbaycan mediası tərəfindən təqdir olunur. Azərbaycanda media subyektlərinə tətbiq olunan bu cür vergi güzəştləri dövlətin media sektorunun inkişafına və dayanıqlılığına verdiyi strateji əhəmiyyətin bariz göstəricisidir. Bu qərar media orqanlarının maliyyə dayanıqlığını daha da gücləndirir. Bilirsiz ki, medianın yeganə gəlir mənbələri olan reklam, abunə, sponsorluq və s. çox vaxt məhdud olur. Vergi güzəştləri isə onların xərclərini azaldaraq, əldə etdikləri gəlirin daha böyük hissəsini texnoloji modernləşmə, kadr hazırlığı və məzmun keyfiyyətinin artırılmasına yönəltməyə imkan verir. Bu, xüsusilə kiçik və regional media qurumları üçün həyati əhəmiyyət daşıyır”.

V.Həsənlinin fikrincə, bu güzəştlər yalnız iqtisadi dəstək kimi deyil, həm də medianın cəmiyyətin maariflənməsi, ictimai rəyin formalaşdırılması və informasiya təhlükəsizliyinin təmin olunmasındakı roluna verilən dəyərin təzahürü kimi qiymətləndirilir.

“Dövlətin bu istiqamətdə atdığı addımlar media orqanlarının maliyyə yükünü azaldır, onların daha sərbəst fəaliyyət göstərməsinə, peşəkarlıq səviyyəsini artırmasına və keyfiyyətli informasiya məhsulları istehsal etməsinə şərait yaradır. Bununla yanaşı, bu cür güzəştlər media sektorunda şəffaflığın və rəqabət qabiliyyətinin yüksəlməsinə də müsbət təsir göstərir.

Hesab edirəm ki, vergi güzəştləri həm də dövlət–media münasibətlərində etimadın güclənməsi, media mühitinin sağlam və davamlı inkişafının təmin olunması baxımından mühüm mexanizm olacaq”-deyə V.Həsənli qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
69
baki-xeber.com

1Mənbələr