Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.
Azərbaycan ədəbiyyatında qadın müəlliflərin imzası hər zaman xüsusi bir duyğu, zəriflik və həyatın incəliklərinə həssas yanaşma ilə seçilmişdir. Bu baxımdan yazıçı Mahirə Nağıqızının hekayələri də müasir bədii düşüncəmizin qiymətli örnəklərindəndir. Onun hekayələri yalnız bədii təxəyyül məhsulu deyil, həm də həyatın canlı lövhələrinin, insanların taleyindən süzülmüş gerçəklərin ifadəsidir.
Giriş yazısında bu barədə qeyd etmişdim; Mahirə Nağıqızının hekayələrində diqqəti çəkən əsas xüsusiyyət mövzuların həyatın özündən götürülməsidir. Onun qəhrəmanları sadə insanlar - kənd qadınları, ailəsinin yükünü çiyinlərində daşıyan analar, həyatın keşməkeşləri ilə mübarizə aparan övladlar, vətən həsrəti ilə yaşayan insanlar və gündəlik qayğıların arasında yaşamağa çalışan sadə insanlardır. Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi ilə bədii mətn arasında körpü yaradır. Öz yaratdığı qəhrəmanlarını və onun yazdıqları ilə gələcəyə baxan oxucularını ümidləndirir. Sabaha inamını və yaşamaq-yaratmaq həvəsini artırır.

Mahirə Nağıqızının hekayələrinin dili sadə, anlaşıqlı, eyni zamanda bədii çalarlarla zəngindir. Onun hekayələrində dialoqlar təbii səslənir, təsvirlər oxucunu hadisələrin içinə çəkir. Ən önəmlisi isə yazıçının qələmində səmimiyyət var. O, süni pafosdan uzaq duraraq, insan ruhunun incə qatlarını açmağa çalışır. Bu səbəbdən də hekayələr oxucunu həm düşündürür, həm də duyğulandırır.
Hekayələrdən bəhs edən bu yazımda konkret olaraq Mahirə Nağıqızının "İpək köynək", "Saz havası", "Sandal", "Mənim çəkmələrim" adlı hekayələri haqqında söhbət açacaq, söhbətimizi yenə "İnsan", "Yudr" və "Ana dili" mövzuları üzərindən davam etdirəcəyik.
Mahirə Nağıqızının hekayələrində yalnız fərdi talelər deyil, bütöv bir cəmiyyətin ruhu əks olunur. Müharibənin acıları, ayrılıqlar, insanın öz doğma torpağına bağlılığı, ailə münasibətləri, qadının ailədəki rolu, həyatın çətinlikləri qarşısında insan ləyaqətini qorumaq kimi dərin mövzular yazıçının yaradıcılığının əsas leytmotivini təşkil edir. Hər bir hekayədə oxucuya mənəvi bir mesaj, həyat həqiqəti ötürülür.
Azərbaycan hekayəçiliyi Cəlil Məmmədquluzadədən başlayaraq uzun bir inkişaf yolu keçib. Mahirə Nağıqızı da bu ənənənin davamçısı olaraq, klassik hekayəçiliyin bədii prinsiplərini qoruyur, amma mövzulara müasir yanaşma gətirir. Onun əsərlərində milli ruhla yanaşı, ümumbəşəri dəyərlər də öz əksini tapır.
Ən yaxşı hallardan biri də odur ki, Mahirə Nağıqızının hekayələri ədəbiyatşünasların, ədəbiyyat tənqidçilərinin, xüsusilə gəncləırin diqqətini cəlb etmiş və təhqiqat mövzusuna çevrilmişdir. Belə nümunələrə söhbətimizin gedişində toxunacaq və yeri gəldikcə misallar gətirəcəm.
Bəli, əvvəlki yazılarımda da dəfələrlə vurğuladığım kimi, Mahirə Nağıqızının yaradıcılığında mövzusundan və janrından asılı olmayaraq, əsas müzakirə obyekti, mərkəzdə dayanan problem, söhbətin predmeti insandır.
İNSAN
Mahirə Nağıqızının hekayələrində insan anlayışı onun bədii dünyasının mərkəzində dayanır. Yazıçı insanı yalnız bir fərd kimi deyil, həm də xalqın, millətin, zamanın daşıyıcısı kimi təqdim edir. Onun hekayələrində insan (obraz), həm daxili aləmi, həm də sosial mühiti ilə birlikdə təsvir olunur.
Mahirə Nağıqızı üçün insanın ən əsas ölçüsü onun ruhu, vicdanı və mənəviyyatıdır. Hekayələrində qəhrəmanlar çox vaxt həyatın sınaqları qarşısında öz insani dəyərlərini qorumağa çalışır.
Mahirə Nağıqızı xüsusilə qadın qəhrəmanları ilə yadda qalır. Onun qadın obrazları zəhmətkeş, dözümlü, mərhəmətli və müdrikdir. Yazıçı qadının taleyi fonunda bütövlükdə insanın mənəvi dirənişini, həyatla mübarizəsini əks etdirir. Bu obrazlar vasitəsilə o, insanın daxili gücünü, mənəvi dayanıqlığını göstərir.Mahirə Mağıqızının "Mənim adım Süsənbərdir - Süsənbər Mahiyyəddinqızı." cümləsi başlayan "Mənim çəkmələrim" adlı hekayəsi buna ən gözəl misaldır. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Aynur Bədəlovanın bu hekayə haqqında "Mahirə Nağıqızının "Mənim çəkmələrim" hekayəsində vətən həsrətinin təcəssümü" adlı elmi məqaləsi dərc olunub (tall.edu.az - 23.08.2025). "Mənim çəkmələrim" hekayəsinin və onun haqqında olan Aynur Bədəlovanın məqaləsinin bizim söhbətimizin bu məqamında əhəmiyyəti ondan ibarətdir ki, "İnsan" və "Yurd"anlayışları hər iki mətndə gün işığına çıxıb, öz barını yetişdirmək üçün böyük bir palıd ağacına dırmaşan meynə misalı görünür. Bu duyğunun bir adı var. O da "yurdsevərlik"dir.
YURD
Azərbaycan ədəbiyyatında yurd, torpaq və vətən anlayışları hər zaman müqəddəs məfhum kimi yaşayıb. Bu duyğular, xüsusilə də yurd həsrəti, həm poeziyada, həm də nəsrdə millətin yaddaşının, ruhunun ifadəsinə çevrilib. Mahirə Nağıqızının hekayələri də bu ruhun daşıyıcısı, milli yaddaşın səsi kimi çıxış edir. Onun yaradıcılığında yurd itkisi, doğma torpağa sevgi və bu sevginin ağrılı nostaljisi həm bədii, həm də mənəvi dəyər qazanı
Hekayələrində kənd həyatı, uşaqlıq xatirələri, dağların, bulaqların, torpağın qoxusu bir növ müqəddəs rəmz kimi təqdim olunur. O yerlərə qayıdış arzusu - bəzən real, bəzən xəyali səfər şəklində oxucuya ötürülür. Yazıçı bu arzunu poetik dillə, səmimi ifadələrlə, dərin nostalji ilə təsvir edir.
Mahirə Nağıqızı üçün "yurd həsrəti" yalnız keçmişin xatirəsi deyil - bu, gələcəyə ümidin də ifadəsidir. Onun hekayələrində qəhrəmanlar bəzən o torpaqlara fiziki olaraq qayıda bilmir, amma yaddaşlarında, xəyallarında, dualarında o yerləri yaşadırlar. Hekayələrin dili sadə olsa da, içindəki duyğu qatları çox dərin və təsirlidir.
Bu hekayələrdə yurd itkisi yalnız bir ailənin və ya fərdin dərdi deyil - bütöv millətin ağrısı kimi qavranılır. Yazıçı bu ağrını nə faciəvi, nə də pafoslu şəkildə deyil, incə, səmimi və insanı düşündürən tonla çatdırır.
Mahirə Nağıqızının hekayələrində qadın obrazları xüsusilə diqqət çəkir. Onlar həm ana, həm gözləyən, həm qoruyan, həm də xatırlayan fiqurlardır. Ana və yurd obrazı bir-birinə bənzər şəkildə işlənir - hər ikisi müqəddəs, hər ikisi həyatın mənasıdır. Ana öz balasından, yurd isə öz övladlarından ayrı düşüb. Yazıçı bu paralelliyi hekayələrinin ruhuna o qədər təbii hopdurur ki, oxucu həm ana ağrısını, həm də yurd həsrətini bir ürək döyüntüsü kimi hiss edir.
Mahirə Nağıqızının hekayələrində yurd həsrəti milli yaddaşın canlı forması kimi təqdim olunur. Onun söz dünyasında torpaq sevgisi, doğmalıq duyğusu və yurdun itkisinin acısı birləşərək bədii gücə çevrilir. Bu hekayələr oxucunu həm duyğulandırır, həm də düşündürür - çünki hər bir azərbaycanlının qəlbində bir parça yurd həsrəti var.
İnsan - Ana, insanın düşünməyə vadar edən, daim intizarda saxlayan həsrət - Yurd həsrəti, bütün bunların təzahür vasitəsi- inikası dil - Ana dili.
ANA DİLİ
Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatında özünəməxsus bədii üslubu, duyğusal təhkiyəsi və mənəvi dəyərlərə sədaqəti ilə seçilən yazıçılardandır. Onun hekayələrinin əsas ideya xəttində insanın mənəvi bütövlüyü, yurd sevgisi, milli kimlik və ana dilinə bağlılıq kimi mövzular xüsusi yer tutur. Mahirə Nağıqızının yaradıcılığında ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın, mənəvi yaddaşın və xalqın ruhunun daşıyıcısı kimi təqdim olunur.
Yazıçının hekayələrində qəhrəmanların dili, danışıq tərzi, ifadə üslubu onların kimliyini müəyyənləşdirir. Mahirə Nağıqızının qəhrəmanları doğma dildə düşünür, sevir, ağrıyır və öz varlığını ana dilində ifadə edir. Onun bədii təhkiyəsində dil - xalqın gen yaddaşı, tarixi və mənəvi dayağı kimi görünür. Ana dilinə sədaqət yazıçı üçün milli mənəviyyatın əsas sütunlarından biridir. "İpək köynək" hekayəsi bu baxımdan xüsusilə diqqətəlayiqdir. Onu əhəmiyyətli edən insanın-Ananın hisləri, onun bayatılı dili və ipək - baramaqurdu ("Yurd") haqqında ötürdüyü faydalı məlumatların əmsalıdır: "Sultan üçün söz verdiyim ipək köynəyi almaq istəyirdim. Hesab edirdim ki, bu dəfə Sultanı görəndə "yenə vaxt darlığı imkan vermədi"- deyib, özümü danlamayacaq əvəzində hər dəfə yoldan gələndə özünü üstümə atan balamı ürəklə qucaqlayacaq və az qala, ovcuma yerləşən zeytunrəngli köynəyi təntənə ilə ona təqdim edəcək, ürəyimdəsə nə vaxtsa yazdığım bayatını özüm eşidəcəyim səslə oxuyacam:
Köynəyin kətandımı,
Canına yatandımı...
Mən sənə qurban olsam,
Bu dünya batandımı..."
və ya "Saz havası"na baxaq:
"Anamın yanıqlı bayatıları adamın iliklərinə işləyərdi:
Tökmə, surahı tutmaz,
Daşar, günahı tutmaz.
Haqqı olan kəsləri,
Haqsızın ahı tutmaz.
Hər dəfə özünə qapanıb fikirli -fikirli gözləri yol çəkəndə bilirdik ki, yenə xəyallar doğma yurddadır...
1971-ci il idi. Yenə sazaqlı payız qapını kəsdirmişdi. Payız da tələsirdi, anam da."
Bu mətndə konkret zaman göstəricisinin olması nümunənin əhəmiyyətini birə on artır. Və yenə bu kiçicik parçada "İnsan", "Yurd" və "Ana dili" anlayışlarının birlikdə gücünü görür və damarlarımızda hiss edirik.
Adət-ənənələrin milli dəyər kimi ortaya qoyulduğu "Sandal" hekayəsindən giriş məqaləsində bir parça təqdim etmişdim. Ümumilikdə Mahirə Nağıqızının bir çox hekayələrində ana dilinə hörmət təkcə obrazların nitqində deyil, müəllifin bədii təsvirində də hiss olunur. O, xalq danışıq üslubunun incəliklərindən, deyimlərdən, atalar sözlərindən, folklor motivlərindən məharətlə istifadə edir. Bu, həm dilin saflığını qorumağa xidmət edir, həm də oxucuda doğmalıq hissi yaradır. Yazıçının fikrincə, dilini sevən insan köklərinə, xalqına və vətəninə sahib çıxmış olur ("İnsan", "Yurd" və "Ana dili").
Hekayələrində müəllif tez-tez unudulan sözlərə, saf ifadələrə, dilin poetik gücünə qayıdışa çağırır. Mahirə Nağıqızının qəhrəmanları çox vaxt müasir dünyanın yad təsirlərinə qarşı ana dilinə sığınmaqla mənəvi təmizlik tapırlar. Bu mənada, onun yaradıcılığında dil - mənəvi dirçəlişin simvoludur.
Mahirə Nağıqızının hekayələri müasir Azərbaycan nəsrində sadəliyi, səmimiyyəti və həyat gerçəklərini əks etdirməsi ilə seçilir. Onun hekayələri oxucunu düşündürür, emosional təsir gücü ilə yadda qalır, insanları öz həyatına, dəyərlərinə bir daha nəzər salmağa vadar edir. Bu yazıçının yaradıcılığı həm ədəbi baxımdan, həm də publisistik-estetik məzmun baxımından ədəbi cameəmiz üçün dəyərli töhfədir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda beşinci - məqalələri haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.