Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu savaşın bir tərəfində Rusiya və ona bağlı qüvvələr - yəni Rusiya kəşfiyyatının Ermənistandakı agentura şəbəkəsi dayanır. Digər tərəfdə isə Qərbə inteqrasiya siyasətinin tərəfdarları, o cümlədən Paşinyan hakimiyyəti mövqe tutur.
"Kreml Paşinyan hökumətinin Ermənistanı Qərbə yaxınlaşdırmasından ciddi şəkildə narahatdır. Moskvada anlayırlar ki, əgər bu siyasi kurs davam edərsə, Rusiyanın Ermənistana nəzarəti tamamilə aradan qalxa bilər. Bu isə Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarına sarsıdıcı zərbə olardı", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, məhz buna görə də, Kreml indi bütün diqqətini Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə yönəldib. Bu seçkilər dövründə Rusiya, Ermənistandakı öz təsir dairəsinə daxil olan qüvvələrin - yəni erməni kilsəsinin, erməni oliqarxiyasının və radikal revanşist düşərgənin hesabına Paşinyan hakimiyyətini devirmək niyyətindədir. Artıq bu, inkarolunmaz bir reallıq kimi görünür.
"Bütün müşahidələr göstərir ki, Rusiyanın Cənubi Qafqaz siyasətində Ermənistanda hakimiyyət dəyişikliyi əsas prioritetə çevrilib. Bu baxımdan demək olar ki, yaxın aylar, xüsusilə də gələn ilin ilk yarısı Ermənistan üçün həlledici mərhələ olacaq. Həmin mərhələdə Paşinyan hakimiyyəti mövqelərini qorumağa çalışacaq", - deyə E. Xalidbəyli vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, bunun hazırlıqları artıq Paşinyan hökuməti tərəfindən çoxdan başlanıb. Bir tərəfdən Rusiyanın maraqlarını ifadə edən erməni kilsəsi Paşinyan hakimiyyəti tərəfindən küncə sıxışdırılır. Digər tərəfdən, hökumət Rusiyanın casus şəbəkəsində yer alan müxalif qüvvələrin rəhbərlərini siyasi səhnədən uzaqlaşdırmağa çalışır. Əgər Paşinyan bu hədəflərinə nail olarsa, Ermənistanda hakimiyyət dəyişikliyi təhlükəsi aradan qalxmış olar. Bu halda Cənubi Qafqaz Rusiyanın təsir dairəsindən çıxaraq, yeni inkişaf perspektivləri qazanmış mühüm bir regiona çevrilə bilər. Əksinə, əgər buna nail ola bilməsə, Paşinyan hakimiyyəti və onun təmsilçiləri çox ciddi problemlərlə üzləşə bilərlər. Əgər hakimiyyət əldən gedərsə və Rusiyaya bağlı qüvvələr Ermənistanda hakimiyyəti ələ keçirərsə, Baş nazir Nikol Paşinyan da daxil olmaqla, indiki hökumətin bir çox üzvlərinin həbs olunacağına dair şübhə yoxdur.
"Hazırda Nikol Paşinyan təkcə hakimiyyətini deyil, həm də öz gələcək taleyini təminat altına almaq uğrunda mübarizə aparır. Bu mübarizədə onun əsas rəqibi Rusiya və Rusiyanın Ermənistandakı casus şəbəkəsidir", - deyə ekspert sonda əlavə edib.
Sevda Dəniz