AZ

STM şirkəti ALPAGU kamikadze PUA-nın ölkədaxili tədarüklərini yerinə yetirib – VİDEO

STM tərəfindən tamamilə yerli və milli imkanlar hesabına inkişaf etdirilən ALPAGU kamikdaze pilotsuz uçuş aparatının (PUA) ölkədaxili tədarükləri həyata keçirilib.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, həmçinin ALPAGU 2023-cü ildə ilk ixrac uğuruna da imza atıb.

“Ölkəmizin ehtiyacları üçün milli mühəndislik gücümüzlə inkişaf etdirdiyimiz taktiki PUA ailəmiz təhlükəsizlik qüvvələrimizin sahədə fəaliyyətini gücləndirir. Müşahidə, zərbə və sursat buraxan PUA-larımızdan sonra çatdırılmalara sabit qanadlı zərbə PUA sistemimiz ALPAGU ilə davam edirik. ALPAGU-nun əməliyyat sahəsində effektivliyimizi artıracağını düşünürük”, – deyə STM-in baş direktoru Özgür Güleryüz bildirib.

Qədim türk dilində “düşmənə təkbaşına hücum edən igid” mənasını daşıyan ALPAGU yüngül quruluşu, şığıma sürəti, aşağı radar imzası və sürəti sayəsində mühüm hədəflərə dəqiq zərbə endirmək qabiliyyəti ilə seçilir. Terrorla mübarizə əməliyyatlarında, transsərhəd missiyalarında və yaşayış ərazilərində tapşırıqları aktiv şəkildə yerinə yetirə bilən ALPAGU-nun mənzili 8 kilometrdir. Üç komponentdən – sabit qanadlı zərbə PUA sistemi, buraxıcı qurğu (lançer) və yer idarəetmə stansiyasından ibarət ALPAGU, sahib olduğu elektro-optik və infraqırmızı kameralar sayəsində gecə-gündüz effektiv fəaliyyət göstərə bilir.

Lançerdən buraxıldıqdan sonra təxminən 15 dəqiqə uçuş həyata keçirən ALPAGU, süni intellekt dəstəkli son nəsil görüntü emalı proqram təminatı vasitəsilə hədəf izləməsini uğurla icra edir. Aşağı radar izi və kiçik ölçüləri sayəsində hədəf tərəfindən son ana qədər aşkar edilməyən ALPAGU, üzərindəki döyüş başlığı ilə hədəfini yüksək dəqiqliklə məhv edir. PUA, MIL-STD-331 uyğun elektron yaxınlaşma tapası ilə təchiz olunub. Missiyanı dəyişdirmək və ya özünü məhv etmək qabiliyyətlərinə malik ALPAGU, görüntü emal əsaslı atəşi idarəetmə sistemi vasitəsilə dəqiq zərbə qabiliyyətinə malikdir.

Tək bir personal tərəfindən asanlıqla daşına və əməliyyat sahəsində 1 dəqiqə ərzində quraşdırıla bilən kamikadze PUA, üzərindəki süni intellekt və görüntü emalı imkanları, səssizliyi və daşıdığı partlayıcını hədəfə dəqiq çatdırma qabiliyyəti ilə əhəmiyyətli güc əmsalı və missiya üstünlüyü təmin edir.

ALPAGU, malik olduğu üstün qabiliyyətlərdən əlavə, müxtəlif platformalara (quru, dəniz və hava vasitələrinə) inteqrasiya edilə bilmə xüsusiyyətləri ilə də rəqiblərindən fərqlənir. ALPAGU şəbəkə əsaslı rabitə sistemi (mesh şəbəkə bağlantısı) sayəsində bir neçə platformanın tək bir komanda mərkəzindən (yer idarəetmə stansiyası) idarə olunması və çoxlu tapşırıqların yerinə yetirilməsinə imkan verir. Ağırlığı 2 kiloqramdan az olan ALPAGU-ya oxşar dünyada yalnız 2 platforma mövcuddur. STM mühəndisləri tərəfindən hazırlanmış missiya kompüteri və uçuş idarəetmə sistemi sayəsində tamamilə avtonom naviqasiya həyata keçirən ALPAGU, hədəflərin müəyyənləşdirilməsi və məhv edilməsini isə “Man-in-the-Loop” prinsipinə əsasən operator nəzarətində yerinə yetirir.

Seçilən
27
poliqon.az

1Mənbələr