Bloomberg: “Rosneft”in əsas neft ixracatçıları arasında gedən mübarizə Rusiya dövlətinə milyardlarla dollara başa gəlir...
Rusiya neft sənayesinə ciddi zərbə dəyib. Ölkənin ən iri neft treyderləri arasında yaranmış münaqişə həm “Rosneft” şirkətinə, həm də dövlət büdcəsinə milyardlarla dollarlıq zərər vurub.
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət şirkəti “Rosneft”in xam neftinin əsas hissəsini daşıyan iki treyder, təcrübəli neft taciri Murtaza Laxani və azərbaycanlı rəqibləri Etibar Eyub ilə Tahir Qarayev arasında qarşıdurma onların bir-birlərinin Rusiya ilə əlaqələrini ifşa etməsi ilə nəticələnib. Məqsəd rəqib tərəfi Qərb ölkələrinin sanksiyalarına məruz qoymaq olub.
Agentliyin əldə etdiyi sənədlər və mənbələr bildirir ki, bu rəqabət “Rosneft”in ixrac əməliyyatlarını bahalaşdırıb, satış qiymətlərini aşağı salıb və nəticədə Rusiya dövlətinin gəlirlərinə ciddi təsir göstərib. Məsələ o həddə çatıb ki, “Rosneft”in baş direktoru İqor Seçin də bu çəkişmə ilə bağlı məlumatlandırılıb.
Mübarizə təkcə Moskva ilə məhdudlaşmayıb. Ttreyderlər arasındakı qarşıdurma Dubay, Honq-Konq və Sinqapurdakı əməliyyatları, eləcə də Vaşinqtondakı lobbi fəaliyyətlərini əhatə edib. Məlumata görə, Eyyub və Qarayevin tərəfdaşları mətbuatda Laxaninin “Rosneft”lə bağlı əməliyyatlarını ifşa edən məqalələr dərc etdirməyə cəhd göstəriblər. Məqsəd Qərb hökumətlərinin diqqətini cəlb etmək olub.
Bloomberg yazır ki, 2010-cu ildə Tahir Qarayev tərəfindən qurulan “Coral Energy” şirkəti ötən il Vaşinqtonda enerji sahəsində ixtisaslaşmış bir lobbi firması ilə əməkdaşlıq edib. Məqsəd ABŞ və Avropa rəsmilərini rəqib treyderlərin, o cümlədən Laxaninin fəaliyyətindən xəbərdar etmək idi.
Lakin Laxani də eyni taktikadan istifadə edərək rəqiblərinin Qərb strukturları tərəfindən araşdırılmasına çalışıb. Mənbələr bildirirlər ki, azərbaycanlı treyderlər Qərb hökumətlərinin diqqətinə düşdükləri üçün narazı idilər, halbuki Laxani bu təzyiqdən əsasən yayınmağı bacarıb. Onlar “oyun qaydalarını bərabərləşdirmək” istəyiblər.
Ekspertlərə görə, bu intriqalar Rusiya üçün təhlükəlidir, çünki ölkə Ukrayna müharibəsinin maliyyələşməsi üçün məhz neft ixracından əldə olunan gəlirlərdən asılıdır.
Poliqon.info