Ramiz Mehdiyevin işi çərçivəsində bir sıra deputatların adlarının hallanması cəmiyyətdə onların məsuliyyətə cəlb edilə biləcəyi ehtimallarını gündəmə gətirib. Maraqlıdır, əgər bu şəxslərin adı araşdırılan cinayətdə hallanarsa və onların təqsiri sübuta yetirilərsə, həmin deputatların həbsi və mandatlarının ləğvi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, əgər Ramiz Mehdiyevin işi çərçivəsində deputatların cinayət məsuliyyəti üzrə sübutlar ortaya çıxarsa və onların təqsirli olmalarına dair əsaslı şübhələr müəyyən olunarsa, bu halda onların həbs ehtimalı mövcuddur.

Onun sözlərinə görə, deputatın mandatının vaxtından əvvəl bitməsi və yerinə təkrar seçkilərin keçirilməsi hüquqi baxımdan mümkündür:
“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa cinayət məsuliyyətinə cəlb oluna bilməz. Yəni deputatın səlahiyyət müddətində məsuliyyətə cəlb edilməsi üçün xüsusi prosedurlar tələb olunur. İlk növbədə deputatın toxunulmazlığına xitam verilməlidir.”
Turan Abdullazadə əlavə edib ki, deputatın toxunulmazlığına xitam verilməsi üçün Baş prokurorun təqdimatı olmalı və Milli Məclis bu məsələyə baxmalıdır:
“Beləliklə, adı keçən deputatlarla bağlı istintaq aparılması və ya hüquqa zidd halların araşdırılması mümkündür. Amma bu heç vaxt avtomatik “həbs olunacaqlar” anlamına gəlmir. Bunun üçün ciddi hüquqi prosedurlar mövcuddur.”
Beləliklə, hüquqşünasın fikrincə, məsələ yalnız hüquqi sübutlar və parlament prosedurları çərçivəsində mümkün ola bilər.
Hüquqşünas Tağı Hüseynov isə bildirib ki, parlamentdə hər hansı səbəbdən yer boşaldıqda, həmin ərazini təmsil edən deputatın müəyyən edilməsi üçün yenidən seçki keçirilməlidir.
Onun sözlərinə görə, Konstitusiyaya əsasən, Milli Məclisdə boş qalan yerlərin doldurulması üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müvafiq qaydada əlavə seçkilər təyin olunur.
“Əgər deputatın mandatı ləğv olunubsa, vəfat edib, yaxud digər səbəbdən səlahiyyətlərinə xitam verilibsə, həmin dairədə yenidən seçki keçirilməsi vacibdir. Çünki hər bir seçki dairəsinin öz nümayəndəsi olmalıdır”, – hüquqşünas vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az