AZ

Məktəblərin ətrafında parklanma xaosu Həyati təhlükə uşaqların bir addımlığında hərəkət edir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı və regionlardakı bir çox məktəbin ətrafında gündəlik mənzərə eynidir: dar küçələr, iki tərəfli dayanmış avtomobillər, valideynlərin uşaqlarını düşürüb tələsik geri dönməsi və nəticədə yaranan xaos. Söhbət şəhərin ən aktual və təhlükəli problemlərindən biri olan məktəb ərazilərindəki parklanma qaydasızlığından gedir. Səhər və günorta saatlarında məktəblərin qarşısı sanki “mini avtomobil bazarına” çevrilir. Avtomobillər səkilərdə, piyada keçidlərində, bəzən hətta məktəb qapısının düz qarşısında dayanır. Bu isə həm yol hərəkəti təhlükəsizliyini pozur, həm də uşaqların həyatını birbaşa risk altına salır.

Çox vaxt valideynlər övladını dərsə gecikdirməmək üçün qaydaları pozaraq avtomobilini istənilən yerdə saxlayır. Bir neçəsi 2 dəqiqəlik dayanmanın problem yaratmayacağını düşünür, amma həmin “2 dəqiqəlik dayanma” bir neçə avtomobilin qarşısını kəsir, hərəkəti məhdudlaşdırır, sonda isə tıxac və əsəbi vəziyyət yaradır. Ən narahatedici məqam isə uşaqların təhlükəsizliyidir. Avtomobillərin sıx parklanması səbəbindən uşaqlar bəzən yolu görə bilmir, qəfil hərəkət edən maşınların qarşısına çıxırlar. Paytaxtın bir çox məktəbi qarşısında müşahidə olunan bu vəziyyət təhlükəsizlik baxımından biabırçı və qəbuledilməz sayılır.

Bakı Nəqliyyat Agentliyi bir neçə ildir məktəblərin ətrafında təhlükəsiz parklanma zonalarının yaradılmasını gündəmə gətirsə də, bu, hələ də sistemli şəkildə həll olunmayıb. Bir çox məktəbin qarşısında “Dayanmaq və durmaq qadağandır” nişanları var, amma nəzarət demək olar ki, yoxdur. Məsələn, Avropada məktəb zonalarında parklanma xüsusi qaydalarla tənzimlənir. Məktəblərin qarşısında “uşaq düşürmə zolaqları” olur, valideynlər orada maksimum 1 dəqiqə dayanmağa icazə alır və dərhal hərəkət etməlidirlər. Azərbaycanda isə belə sistem yoxdur, bu da xaosun əsas səbəblərindən biridir.

Nəqliyyat məsələləri üzrə ekspertlər hesab edirlər ki, bu problemin kökündə idarəetmə boşluğu dayanır: “Məktəblərin ətrafında xüsusi parklanma zonaları ayrılmalı, səhər və günorta saatlarında yol polisi və ya nəzarət kameraları vasitəsilə qayda pozanlara qarşı ciddi tədbirlər görülməlidir. Əks halda, bu vəziyyət həm uşaqlar, həm də sürücülər üçün təhlükə yaratmağa davam edəcək”.

Məktəblərin qarşısındakı parklanma problemi təkcə yol hərəkəti qaydası məsələsi deyil, uşaqların təhlükəsizliyi məsələsidir. Nəzarətsiz parklanma həm intizamı pozur, həm də faciəyə yol aça bilər. Bu səbəbdən məsul qurumların dərhal tədbir görməsi, valideynlərin isə qaydalara əməl etməsi vacibdir.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
icma.az

1Mənbələr