ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 oktyabr, AZƏRTAC
“Intel” korporasiyası istehsalat sahəsində xərclərinin azalması sayəsində son rübdə yenidən qazanc zonasına daxil olub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın çip istehsalçısı ötən il 16,6 milyard dollar zərərdən sonra 4,1 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb. Şirkətin gəlirləri üç faiz artaraq 13,7 milyard dollar təşkil edib.
Korporasiyanın prezidenti Lip-Bu Tan sərt qənaət siyasəti yürüdərək, xüsusi çip istehsalçısı “Altera” şirkətini satıb, üç ay ərzində işçi sayı 96 min 400 nəfərdən 83 min 300 nəfərədək ixtisar olunub və nəticədə istehsalat zərərləri ötən il qeydə alınan 5,8 milyard dollardan 2,3 milyard dollara qədər azalıb.
Həmçinin ABŞ hökumətinin və “Nvidia” şirkətinin korporasiyaya investisiya yatırması və bəzi maliyyə əməliyyatlarında iştirakı da son rübdə mənfəətin artmasına müsbət təsir göstərib.
Korporasiyanın son göstəriciləri “Intel” səhmlərinin qiymətinin yeddi faizdən çox artmasına səbəb olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.