AZ

Bəzi vergilər üzrə azadolma və güzəştlərin dairəsi genişləndirilir

Bəzi vergilər üzrə azadolma və güzəştlərin dairəsi genişləndirilir

Mənfəət, əmlak və torpaq vergilərinə dair azadolma və güzəştlərin dairəsi genişləndirilir.

AFN.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qurumun yaratdığı sənaye parklarında həmin orqanın müəyyən etdiyi fəaliyyət növü ilə məşğul olan rezidentlər, sənaye parkında bu fəaliyyətlərdən əldə etdikləri mənfəətə görə 2025-ci il yanvarın 1-dən etibarən 6 il müddətinə mənfəət vergisindən azad ediləcəklər.

Eyni zamanda, həmin sənaye parklarında fəaliyyət göstərən rezidentlər parkın ərazisində istifadə etdikləri əmlak və torpaqlara görə də 2025-ci ildən başlayaraq 6 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad olunacaqlar.

Bundan başqa, "Gömrük tarifi haqqında" Qanuna təklif olunan dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri müvafiq icra hakimiyyəti orqanının verdiyi təsdiqedici sənəd əsasında, fəaliyyətlərinin məqsədləri üçün idxal etdikləri bütün növ mallara görə 2030-cu ilə qədər gömrük rüsumu ödəməyəcəklər.

Layihənin izahat hissəsində qeyd olunur ki, Bakı Gəmiqayırma Zavodunun hazırda icrasında olan layihələr üzrə qiymətlər mövcud vergi və gömrük güzəştləri nəzərə alınmaqla formalaşdırılıb. Lakin bu güzəşt və azadolmaların müddəti başa çatmaq üzrədir. Buna görə də Zavodun sənaye parkı rezidenti kimi vergi və rüsum güzəştlərinin 2030-cu ilə qədər uzadılması zəruri hesab olunur.

Qanun layihəsi qəbul edildikdən sonra Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentlər 2030-cu il dekabrın 31-dək mənfəət, əmlak və torpaq vergilərindən azad ediləcəklər. Bundan əlavə, onların idxal etdikləri mallara gömrük rüsumlarının tətbiq olunmaması müddəti də uzadılacaq.

Müzakirələrin yekununda qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

Seçilən
58
afn.az

1Mənbələr