Berlin, 24 oktyabr, AZƏRTAC
Almaniya hökuməti Çində istehsal olunan çiplərin Avropaya ixracının dayandırılmasına etiraz olaraq Pekinə nota təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat və enerji naziri Katerina Rayxe “Bild” qəzetinə açıqlamasında bildirib.
Alman sənayesində davam edən çip qıtlığı vəziyyəti gərginləşdirib. Çip böhranının səbəbi “Nexperia” şirkətinin istehsal etdiyi çiplərin tədarükünün Çin və ABŞ arasındakı gərginliklə əlaqədar dayandırılmasıdır. Şirkətin mərkəzi ofisinin yerləşdiyi Niderlandın hökuməti ABŞ-ın təzyiqi ilə “Nexperia” üzərində nəzarəti ələ alıb. Pekin isə cavab olaraq çiplərin Çindən ixracını qadağan edib. “Nexperia” Avropada da istehsal həyata keçirsə də, çiplərin böyük hissəsi Çindən gəlir.
Ukraynada səfərdə olan K.Rayxe “Bild” qəzetinə açıqlamasında bildirib: “Çip qıtlığı bizə ciddi təsir edib, çünki Almaniya iqtisadiyyatı bu çiplərdən asılıdır”. O, məsələnin hələ tam həll olunmadığını vurğulayaraq, gərginliyin tezliklə azaldılması və çip ixracının bərpası üçün Çinin ticarət nazirinə rəsmi etiraz notası göndərildiyini deyib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin