İƏT ölkələri İsrailin qanun layihələrini pisləyib
Ajans.az xəbər verir ki,bu barədə məlumatı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı, İordaniya, İndoneziya, Pakistan, Türkiyə, Cibuti, Oman, Qambiya, Fələstin, Qətər, Küveyt, Liviya, Malayziya, Misir və Nigeriya, eləcə də Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı, İsrail Knessetinin Qərb Sahili (İordan çayının qərb sahili) üzərində “suverenlik” və qanunsuz məskunlaşmanı təsbit edən qanun layihələrini təsdiqləməsini beynəlxalq hüququn və BMT qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndiriblər. Ölkələr, həmçinin, Beynəlxalq Ədalət Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərarını alqışlayıblar. Həmin qərarda Qəzza da daxil olmaqla işğal altındakı ərazilərdə əhalinin təhlükəsizliyinin təmin edilməsi, həyati resurslara çıxışın qorunması, kütləvi deportasiyaların qadağan olunması və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun tanınması bir daha təsdiqlənib. Bundan əvvəl İsrail parlamenti (Knesset) İsrail qanunvericiliyinin Qərb Sahilinə şamil edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləmişdi.