AZ

"Gənclər ailə qurmaqdan uzaqlaşır" - Sosioloqdan maraqlı açıqladı

Son illərdə Azərbaycanda gənclərin ailə qurmağa marağının azalması müşahidə olunur. Bu tendensiya yalnız şəxsi seçimlərlə bağlı deyil, həm də sosial, iqtisadi və mədəni dəyişikliklərin nəticəsidir.

News365.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu gün gənclər arasında ailə qurmağa həvəs xeyli azalıb.

Onun sözlərinə görə, Asiya ölkələri, Yaponiya və Çində yayılan subaylıq sindromu artıq Azərbaycana da təsir edib. Gənclər öz ehtiyaclarını daha çox virtual qaydada, onlayn platformalar üzərindən reallaşdırır, ümumiyyətçilikdən qaçır və ailə ilə bağlı öhdəlikləri qəbul etməkdə tərəddüd edirlər. Onlar egoist, hedonist və bəzən pessimist həyat tərzi göstərirlər. Bu tendensiya boşanma hallarının artımına da təsir edir – gənclər boşanmaqdan qorxur və bəzən yalnız boşanmaq ehtimalı ilə evlənirlər.

Ü. Şəfiyev əlavə edib ki, gənclər arasında bir-birinə qarşı tələblər çoxdur. Oğlanlar kişi-mərkəzli cəmiyyətin tələblərini daşıyır, qızlar isə daha müstəqil və sərbəst olmaq istəyir. Qadınların düşüncəsində transformasiya baş verib – onlar artıq iqtisadi baxımdan müstəqildir və köhnə, haqsız düşüncə və dəyərlərlə qəbul edilmək istəmirlər. Kişilər isə hələ də köhnə qaydalarla idarə edə bilirlər.

Sosioloq bildirib ki, bütün bu faktorlar Azərbaycan ailəsində öhran yaratmışdır. Bu, həm boşanma statistikasında, həm də ailə münasibətlərində özünü göstərir. Ü. Şəfiyev vurğulayıb ki, bu transformasiya Azərbaycan cəmiyyətindəki gənclərin baxışlarını da gücləndirib – qızlar daha müstəqil, sərbəst və rahat həyat arzulayır, konservativ cəmiyyətin qaydalarından çıxmaq istəyirlər.

O qeyd edib ki, ailə dəyərləri məktəblərdə və ailə mühitində müzakirə olunmalı, Azərbaycan ailəsini qorumaq və saxlamaq üçün tədbirlər görülməlidir. Bu gün Azərbaycan ailəsi cəmiyyətin mərkəz-mənzilli strukturlarının inkişafında rol oynayır və qadınlar bu prosesdə önəmli təsir göstərir.

Sosioloq həmçinin bildirib ki, qadınların hüquq və gender bərabərliyi çərçivəsində kişilərə qarşı mövqeyi, cəmiyyətdə kişi-qadın qarşıdurması yaradır. O vurğulayıb ki, bu vəziyyət ailə perspektivləri üçün heç də müsbət gələcək vəd etmir və məsələnin yenidən nəzərdən keçirilməsi vacibdir.

Seçilən
125
news365.az

1Mənbələr