AZ

Musa Quliyev: Süni intellektin daha geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasının yaradılmasına ciddi zərurət var

Bakı, 24 oktyabr, AZƏRTAC

Süni intellekt dünya miqyasında cəmiyyətin sosial-iqtisadi və idarəetmə həyatında gündən-günə daha geniş şəkildə özünü göstərir və onun yenidən transformasiya edilməsində mühüm rol oynayan çevik bir qüvvədir. Süni intellekt bu gün sadəcə qabaqcıl texnologiya olmaqdan çıxaraq müasir həyatın bir çox sahəsinə dərin şəkildə inteqrasiya olunmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt insanların çalışma, öyrənmə, ünsiyyət qurma və dövlət xidmətləri ilə qarşılıqlı əlaqə formasını dəyişdirməkdədir. IV sənaye inqilabı ilə birlikdə süni intellekt sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilib, inklüzivlik, dövlət idarəetməsində səmərələlilik və sosial iştirak üçün geniş imkanlar yaradıb. "Artıq dünyada süni intellekt yalnız texnoloji vasitə kimi deyil, həm də demokratik nəzarət, insan mərkəzli dizayn və güclü hesabatlılıq çərçivələri tələb edən ictimai maraq predmeti kimi qiymətləndirilir. Keçilmiş yol və əldə edilmiş təcrübə göstərir ki, sosial müdafiə, sosial xidmət, məşğulluğun təmin edilməsi, əmək bazarının öyrənilməsi və digər sahələrdə süni intellektin tətbiqi uğurlu nəticələr əldə etməyə imkan yaradır. Digər tərəfdən süni intellektin sosial sahəyə tətbiqi zamanı məxfiliyin qorunması, diskriminasiya, etik problemlər kimi riskləri və mənfi effektləri də nəzərə almaq lazımdır. Süni intellektin ölkəmizdə həm fəaliyyət dairəsinə görə, həm də coğrafi miqyasca daha geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasının yaradılmasına ciddi zərurət var. Bu sahədə Milli Məclisin müvafiq icra hakimiyyəti orqanları ilə işgüzar əməkdaşlığının faydalı olacağına inanırıq", - deyə Musa Quliyev vurğulayıb.

Seçilən
28
2
azertag.az

3Mənbələr