Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, KXDR və Rusiya arasındakı dostluq “qanlı döyüşlərin alovunda bərkiyərək tarixi zirvəyə çatıb”.
“AzPolitika” bildirir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi CTAK məlumat yayıb.
Məlumata görə, Kim Çen In bu fikirləri 23 oktyabrda Pxenyanda keçirilən “Xarici hərbi əməliyyatlarda döyüş şücaətləri memorial muzeyi”nin təməlqoyma mərasimində səsləndirib.
Rəsmi məlumatlara əsasən, muzey Şimali Koreya hərbçilərinin Rusiyanın tərəfində Ukraynaya qarşı aparılan müharibədə iştirakını əbədiləşdirmək məqsədilə yaradılır. Pxenyan və Moskva açıq şəkildə etiraf ediblər ki, KXDR hərbçiləri Rusiyanın Kursk vilayətindəki döyüşlərdə iştirak ediblər.
Tədbirdə Koreya Əmək Partiyasının və dövlət strukturlarının yüksək vəzifəli nümayəndələri, eləcə də Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matsqora və səfirliyin əməkdaşları iştirak ediblər. CTAK xəbər verir ki, Kim Çen In tikintinin başlanğıc rəmzi olaraq kürəyi əlinə alıb.
Kim Çen In çıxışında qeyd edib ki, 24 oktyabr 2024-cü ildə Şimali Koreya hərbçilərinin son qrupu müharibəyə göndərilib.
Onun sözlərinə görə, yaxın vaxtlarda vətənə qayıdaraq həyatları bahasına qələbə qazananların müqəddəs ruhunu əbədiləşdirmək üçün böyük iş başlanacaq: “Bu qələbə ordumuzun, xalqımızın və dövlətimizin nəfəsi kimi, KXDR və Rusiya münasibətlərinin canlandırıcı enerjisinə çevrildi”, – deyə Kim Çen In vurğulayıb. O, həmçinin iddia edib ki, Şimali Koreya hərbçiləri “amansız neonasistləri məhv edərək beynəlxalq reaksioner qüvvələri qorxu və təşvişə salıblar”.
Xatırladaq ki, Kim Çen In avqust ayında Kursk vilayətindəki döyüşlərdə iştirak edən Şimali Koreya hərbçilərini təltif etmiş və həlak olanların ailələri ilə görüşmüşdü. Rəsmi Pxenyan itkilərin sayını açıqlamasa da, Cənubi Koreya və Qərb kəşfiyyat mənbələrinin məlumatına görə, Şimali Koreya kontingentinin itkiləri bir neçə min nəfər təşkil edib, o cümlədən min nəfərdən çox hərbçi həlak olub.
Şimali Koreya bu günədək Rusiyanın tərəfində müharibəyə rəsmi şəkildə hərbi kontingent göndərən yeganə ölkə olaraq qalır.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.