Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Azərbaycan xalqı 25 oktyabr tarixini, Qubadlı şəhərinin işğaldan azad olunduğu günü böyük qürur və sevinc hissi ilə qeyd edir. Bu gün təkcə bir şəhərin azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmliyinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsinin və Azərbaycan Ordusunun yenilməzliyinin təntənəsidir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı, illərlə torpaq həsrətinin, yurd nisgilinin rəmzinə çevrilmişdi. Minlərlə qubadlının doğma ocağı viran edilmiş, bölgənin maddi-mədəni irsi məhv olunmuşdu. Lakin Azərbaycan xalqı bu ədalətsiz işğalla barışmadı”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” şüarı illərlə susdurulmuş ədalətin səsini dünyaya çatdırdı və xalqı bir amal torpaqların azad olunması uğrunda birləşdirdi: “Bu birliyin nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu, cənab Prezidentin rəhbərliyi altında, düşməni məğlub edərək Qubadlıya və digər əzəli torpaqlarımıza qovuşdu. Qubadlının azadlığı təsadüfi hərbi uğur deyildi. Bu, cənab Prezident İlham Əliyevin illərlə yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin, müasir ordu quruculuğunun və milli həmrəyliyin nəticəsi idi”.
Nicat İsmayılov
Politoloq bildirib ki, Cənab Prezident İlham Əliyev hakimiyyətinin ilk illərindən etibarən dövlətin əsas prioritetlərindən birini güclü ordu və milli iqtisadi dayaqların formalaşdırılması kimi müəyyən etmişdi: “Müdafiə sənayesinin inkişafı, hərbi texnologiyaların yenilənməsi, hərbiçilərimizə qayğı siyasəti, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, bu qələbənin təməlini qoydu. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan xalqı və dövləti “dövlət–xalq–ordu” birliyi prinsipi üzərində sıx birləşərək 2020-ci ilin payızında tarix yazdı.
Cənab Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirdi. Müstəqil, balanslı və prinsipial siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Müharibə dövründə Ali Baş Komandan diplomatik cəbhədə də misilsiz fəaliyyət göstərərək, dünya ictimaiyyətinə Azərbaycanın ədalətli mövqeyini sübut etdi. Onun “Biz öz torpağımızdayıq, beynəlxalq hüquq bizim yanımızdadır” bəyanatı Azərbaycanın müharibədə siyasi haqlılığının rəmzinə çevrildi.
Qubadlının azad olunması, minlərlə qəhrəman əsgər və zabitin canı, qanı bahasına mümkün oldu. Bu torpaqlar azadlıq üçün şəhid olmuş oğul və qızlarımızın ruhu ilə yoğrulub”.
Nicat İsmayılov qeyd edib ki, Cənab Prezident İlham Əliyev hər zaman şəhid ailələrinə və qazilərə xüsusi ehtiramla yanaşmış, onların sosial rifahını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir: ““Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların qəhrəmanlığı sayəsində torpaqlarımız azad oldu” deyə dövlət başçısının çıxışlarında vurğuladığı kimi, bu qələbə xalqımızın milli birliyinin və vətənə sədaqətinin nəticəsidir. Qazilərimiz bu gün azad torpaqlarda quruculuq işlərində, ordunun simasında vətənpərvərlik rəmzi kimi iştirak edirlər. Onlar yeni nəsillər üçün canlı qəhrəmanlıq məktəbinə çevriliblər”.
Politoloq bildirib ki, bu gün Qubadlı işğaldan azad olunmuş digər rayonlarla yanaşı, yenidənqurma və inkişaf dövrünü yaşayır: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qubadlıda infrastruktur, yaşayış binaları, sosial obyektlər, yollar və enerji layihələri sürətlə inşa edilir. Müasir plan əsasında tikilən Yeni Qubadlı şəhəri Azərbaycanın azad torpaqlarda qurduğu yeni həyatın rəmzinə çevrilir. Bu, təkcə fiziki bərpa deyil, həm də mənəvi qayıdış, xalqın yenidən doğuluşudur. Cənab Prezident İlham Əliyev Qubadlıya səfərləri zamanı bildirib: “Biz Qubadlıya həyat gətiririk. Bu torpaqların hər qarışı Azərbaycan xalqının qürur mənbəyidir. Burada yeni dövr başlayır azadlıq və inkişaf dövrü.”
Qubadlı zəfəri Azərbaycan xalqının müstəqilliyə, ədalətə və azadlığa olan sonsuz sevgisinin təcəssümüdür. Bu gün hər bir azərbaycanlı Qubadlıya baxdıqda orada bir xalqın yenilməz ruhunu, dövlətinin qüdrətini və liderinin uzaqgörənliyini görür”.
Nicat İsmayılov hesab edir ki, Qubadlı şəhəri artıq Azərbaycanın güc, qürur və milli dirçəliş simvoluna çevrilmişdir: “Bu gün Qubadlının səmasında dalğalanan üçrəngli bayraq şəhidlərimizin qanı, xalqımızın birliyi və cənab Prezident İlham Əliyevin liderliyi sayəsində əbədi olaraq yüksəklərdə dalğalanır.
25 oktyabr Qubadlı şəhəri günü, Azərbaycan tarixində milli qürur və birlik günüdür. Bu qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin, xalqın sarsılmaz iradəsinin və ordumuzun qəhrəmanlığının nəticəsidir.
Bu gün azad Qubadlıda həyat yenidən canlanır, dövlətimizin əzəməti hər bir tikilidə, hər bir ağacda, hər bir ucalan bayraqda özünü göstərir. Azərbaycan xalqı bu gün də eyni ruhla Ali Baş Komandanın ətrafında sıx birləşərək sabaha inamla addımlayır”.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.