Litva Respublikasının Prezidenti Gitanas Nauseda Rusiyaya məxsus hərbi təyyarələrin Litva hava məkanını pozduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Nauseda "X" platformasındakı hesabında qeyd edib.
“Bu axşam Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozdu. Bu, beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır”.
Prezident Avropanın hava müdafiə hazırlıqlarını gücləndirməsinin vacibliyini vurğulayıb və Litva Xarici İşlər Nazirliyinin Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndələrini çağıracağını bildirib.
Litva Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya “Su-30” və “İL-78” hava yanacaqdoldurma tankeri Litva hava məkanına 700 metr məsafədə daxil olub və 18 saniyədən sonra bölgəni tərk edib.
Hadisə yerinə İspaniyaya məxsus iki “Eurofighter Typhoon” döyüş təyyarəsi göndərilib və NATO patrul missiyasını yerinə yetirib.
“Litvanın hər qarışı qorunur və lazım gəldikdə müdafiə olunacaq. Bu hadisə bölgəmizdəki reallığı bir daha ortaya qoydu. Müdafiə qabiliyyətimizi daima gücləndirməliyik” - Dövlət başçısının paylaşımında qeyd olunub.
Bildirilir ki, Rusiyaya məxsus təyyarə və ya pilotsuz uçuş aparatları (PUA) daha əvvəl Estoniya, Polşa və Rumıniya hava məkanlarını da pozub.