AZ

Bu gün Azərbaycanın dahi şairi Hüseyn Cavidin doğum günüdür

Bu gün görkəmli şair, yazıçı,dramaturq, Azərbaycan ədəbiyyatının səmasında parlaq bir ulduzun – Hüseyn Cavidin doğum günüdür.Missiya.Az xəbər verir ki, 1882-ci ilin oktyabr ayının 24-də Naxçıvanda dünyaya gələn bu dahi şəxsiyyət, XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tarixə düşüb. Hüseyn Cavid təkcə bir şair və dramaturq deyildi -o, azad düşüncənin, yüksək mənəviyyatın və bəşəri idealların simvolu idi. Onun yaradıcılığı həm milli, həm də ümumbəşəri ideyaları özündə birləşdirir.Cavidin əsərlərində insanın daxili aləmi, vicdan, sevgi, ədalət və azadlıq kimi anlayışlar əsas mövzulardandır. O, insanı yalnız cəmiyyətin bir hissəsi kimi deyil, həm də müstəqil bir varlıq kimi təqdim edirdi. “İblis”də bəşərin mənəvi sınaqlarını, “Şeyx Sənan”da inanc və sevgi arasındakı qarşıdurmanı, “Peyğəmbər”də isə ilahi həqiqət və insanın mənəvi ucalığını bədii dildə ifadə edir. Dramaturqun əsərləri bir millətin deyil, bütün bəşəriyyətin mənəvi aynasıdır.Hüseyn Cavidin düşüncəsində insan azadlığı və ruhun saflığı ən ali dəyərlərdən sayılırdı. O, inanırdı ki, zülm və cəhalətin hökm sürdüyü bir dünyada belə, insanın ruhu azad qala bilər. Bu fikir onun poetik irsində daim öz əksini tapırdı.Təəssüf ki, Cavidin həyatı faciəli bir sonluqla nəticələndi. 1937-ci il- repressiya illərində “xalq düşməni” damğası ilə həbs edilərək uzaq Sibirin soyuq torpaqlarına sürgün edildi və orada dünyasını dəyişdi. Lakin bu ölüm onun ideyalarını sındıra bilmədi- əksinə, o, ölümündən sonra əbədiyaşar bir simvola çevrildi.Bu gün Hüseyn Cavidin məzarı onun doğma yurdu Naxçıvanda ucaldılıb və bu, xalqın ona olan dərin hörmətinin təcəssümüdür. Onun yaradıcılığı ədəbiyyatsevərlərin, elm adamlarının və gənc nəsillərin ilham mənbəyinə çevrilib.Cavidin bir fikri bu gün də mənasını qoruyur:“İnsanlara zülm edənlər unudular, amma azadlıq uğrunda döyüşənlərin adları əbədi yaşayar.”İlahə QənbərliMissiya.Az

Seçilən
132
missiya.az

1Mənbələr