Tramp administrasiyası Çinin 2020-ci ildə imzalanmış ticarət razılaşmasının şərtlərinə əməl etmədiyi üçün ona qarşı ticarət araşdırması başlatmağa hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Bildirilir ki, ABŞ Çinin həmin razılaşmaya uyğunluğunu araşdırmaq üçün yeni bir proses üzərində işləyir.
Qeyd olunur ki, bu araşdırma Trampın prezidentliyinin ilk dövründə imzalanmış razılaşmanın şərtlərinin yerinə yetirilməməsi səbəbilə başladılacaq və bu gün ictimaiyyətə açıqlanması gözlənilir.
Araşdırmanın ABŞ ilə Çin arasında əlavə gömrük rüsumları və gərginliklərə səbəb ola biləcəyi vurğulanır. Bu addımın Tramp və Çin Prezidenti Si Cinpinin gələn həftə baş tutacağı gözlənilən görüşündən əvvəl atılması diqqət çəkir.
Vurğulanır ki, bu cür araşdırmaların tamamlanması aylarla vaxt ala bilər. 2022-ci ildə yayımlanan məlumatlara əsasən, Çin ABŞ-dən təyyarələr, soya, enerji, xidmətlər və digər məhsullar almaq öhdəliklərini yerinə yetirməyib.
Tramp Si Cinpin ilə “çox ədalətli” və “çox güclü” bir ticarət razılaşması əldə edəcəklərinə inandığını bildirərək, əgər razılaşma əldə olunmasa, 1 noyabr tarixindən etibarən Çinə qarşı 100 % əlavə gömrük rüsumu tətbiq edəcəyini təkrar edib:
“Düşünürəm ki, razılaşma əldə edəcəyik. Onlar bizi nadir torpaq elementləri ilə təhdid etdilər, mən isə onları tariflərlə təhdid etdim. Amma onları başqa şeylərlə də təhdid edə bilərəm, məsələn, təyyarələrlə. Çünki təyyarələri üçün ehtiyat hissələri tapa bilmirlər”.