ain.az bildirir, Baku.ws portalına istinadən.
Paytaxtın mərkəzi yollarından biri olan Neftçilər prospektində günün pik saatlarında müşahidə olunan nəqliyyat sıxlığı artıq adi hal alıb.
BAKU.WS-in məlumatına görə, uzun illərdir bu ərazidə tıxac problemi gündəmdə olsa da, problemin əsas səbəbləri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, şəhər küçələrində kanallaşma və svetoforla idarəetmə nizamlı hərəkətin təmin olunması baxımından mühüm rol oynayır:
"Neftçilər prospekti bu baxımdan bariz nümunədir. Prospektin ensizdən genişə, daha sonra yenidən ensizləşən "hibrid" forması nəqliyyatın axınını xaotik vəziyyətə salır.
Hazırkı vəziyyətdə prospektə 7 zolaqla giriş edilir. Azadlıq prospektindən 2 zolaq, Puşkin küçəsindən 2 zolaq, Kövkəb Səfərəliyeva küçəsindən isə 4 zolaq bu axına qoşulur. Daha sonra hərəkət 9 zolaqla davam edir: 5 zolaq Yusif Səfərov, 4 zolaq isə 8 Noyabr prospektinə yönəlir. Bununla yanaşı, Zəfər parkı istiqamətindən Yeni Bulvara doğru əlavə 3 zolaq ayrılır.
Bu qədər dəyişkən zolaq genişliyi və birləşən axınlar nəticəsində "butulka effekti" adlanan vəziyyət yaranır. Yəni girişlər çox, çıxışlar isə məhdud olur. Nəticədə nəqliyyat axını sıxlaşır və hərəkət dayanıqlığını itirir.
Kanallaşma - yəni hər bir istiqamət üzrə zolaqların funksional olaraq bölünməsi – sabit axını təmin edir. Eyni zamanda, svetoforla idarəetmə axınları növbə ilə buraxmaqla nizamlı hərəkəti bərpa edir. Bu yanaşma tətbiq olunmadıqda, artıq qalan zolaqlarda hərəkətin açıq qalması tıxacın kökünü aradan qaldırmır, əksinə, onu ortada genişlənən, sonunda daralan "boğaz" vəziyyətinə salır".
Orxan Hüseyn
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.