BAKI, 23 oktyabr. TELEQRAF
Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva Azərbaycan Dillər Universitetinin yataqxanasından çıxarılıb.
Rejissor Teleqraf-a açıqlamasında bildirib ki, sentyabrın 30-dan o, evsiz qalıb: "Vaxtilə Cəbrayıldan köçkün düşmüşəm. 2009-cu ildən Azərbaycan Dillər Universitetinin yataqxanasında yaşayırdım. Hazırda yataqxanadan çıxarılmışam, rəfiqəmin Pirşağıdakı evinə yerləşmişəm. Mən həmin yataqxanada Teatr Xadimləri İttifaqının rəsmi məktubu əsasında məskunlaşmışdım".
Gülnar Hacıyeva yataqxanadan çıxarılma səbəbindən bəhs edib: "Yataqxanada Şəhla adlı aktrisa var, 1998-ci ildən orada yaşayırdı. Şəhla xanım komendantla mübahisə edib, amma həmin hadisədən mənim nə xəbərim olub, nə də müdaxilə etmişəm.
Daha sonra komendant İlqar Hacıyev və Dillər Universitetinin əməkdaşı gəldi. Universitetin əməkdaşı mənə bildirdi ki, siz də, Şəhla xanım da yataqxananı tərk etməlisiniz. Cavab verdim ki, mübahisəyə mənim aidiyyətim yoxdur. Komendant da mənimlə heç bir problemi olmadığını dedi.
Universitet əməkdaşı şəxsiyyət vəsiqəmin şəklini çəkdi, order tələb etdi və dedi ki, qeydiyyatınız yoxdur, burada qanunsuz yaşamısınız. Komendant cavab verdi ki, orderi var, otaqdadır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə məndən order tələb edir ki, məni yaşayış yeri ilə təmin etsin. Amma həmin orderi məndən gizlədirlər.
Sentyabrın 30-dan küçələrdəyəm. Dillər Universitetindən bildirirlər ki, bu, Elm və Təhsil Nazirliyinin tələbidir, kənar insanlar yataqxanadan çıxarılmalıdır".
Aktrisa iddia edir ki, yataqxanada kənar şəxslər və hətta qeydiyyatda olmayanlar da yaşayır: "Bununla bağlı əlimdə sübutlarım var. Amma onlardan heç kimə deyilməyib ki, yataqxanadan çıxın. Yataqxanada Dillər Universitetinin heç 25 tələbəsi yoxdur. Orada qalanların 70 faizi Bakı Dövlət Universitetinin, Texniki Universitetin və kolleclərin tələbələridir. Orada hətta şirkətlərdə çalışan qızlar da var. Tələbələr tətilə gedəndə komendant onların yaşadığı otağı kirayə verir. Tələbənin anası övladının yanında qalanda hər gün üçün komendanta 10 manat pul ödəyir. Onsuz da bilirlər ki, yataqxanada başa verənlərdən xəbərdaram".
Gülnar Hacıyeva deyib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edilib: "Nazirlikdən də təəccübləndilər ki, belə bir tələb yoxdur".