Qustavo Petro Trampın adını çəkərək, narkoklanların siyasi əlaqələrindən danışıb...
Poliqon xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro ölkə vətəndaşlarının bir hissəsinin ABŞ-da yaşayaraq narkotik ticarəti və lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu bəyan edib. O, bu barədə Noticias Caracol telekanalı vasitəsilə yayımlanan mətbuat konfransında çıxış edib.
“Kolumbiyalı ultrasağçılar Mayamidə yaşayır, narkotik alveri ilə məşğul olur, lobbi fəaliyyəti aparır və müəyyən məqsədlər güdürlər. Bu məqsəd Trampdan, onunla dostluq münasibətlərindən istifadə etməkdir”, deyə Petro bildirib.
Prezident əlavə edib ki, oxşar fəaliyyətlə məşğul olan kolumbiyalılar yalnız ABŞ-da deyil, həmçinin Dubay, Roma, Madrid və digər şəhərlərdə də yaşayırlar. Onun sözlərinə görə, bu şəbəkələr ölkənin siyasi sabitliyinə və beynəlxalq imicinə zərbə vurur.
Qeyd edək ki, oktyabrın 20-də amerikaşünas politoloq Dmitri Drobniski Kolumbiya ilə ABŞ arasında narkoticarətə görə yaranan gərginliyin Vaşinqton üçün faydalı ticarət razılaşması ilə nəticələnə biləcəyini söyləmişdi. Onun fikrincə, ABŞ prezidenti Donald Tramp “bir çox müharibələri dayandırdıqdan sonra” Qərb yarımkürəsində siyasi qələbə qazanmağa çalışır.
Poliqon.info