Şimali Koreya lideri Moskva ilə “döyüş qardaşlığının” daha da möhkəmlənəcəyini bildirib...
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiya ilə Şimali Koreya arasında münasibətlərin “tarixi zirvəyə çatdığını” bəyan edib.
Poliqon xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Pxenyanda xarici hərbi əməliyyatlarda iştirak edən koreyalı döyüşçülərin qəhrəmanlıqlarına həsr olunmuş memorial muzeyin təməlqoyma mərasimində çıxış edən Kim Çen In bildirib ki, Rusiya–Koreya dostluğu “tarixin sərt burulğanlarında əbədi həyat gücü qazanıb”. Onun sözlərinə görə, bu gün iki ölkə arasındakı əlaqələr “öz tarixinin apogeyinə” çatıb.
KXDR lideri qeyd edib ki, Rusiya və Şimali Koreya döyüş meydanlarında formalaşan qardaşlıq münasibətləri sayəsində daha sıx birləşib və “hakimiyyət və despotizm qüvvələrinin təzyiqləri” Moskva ilə Pxenyan arasında əməkdaşlığın inkişafına mane ola bilməyəcək.
Xatırladaq ki, oktyabrın 11-də Kim Çen In Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə görüşündə Ukrayna məsələsində Şimali Koreyanın mövqeyinin “aydın və prinsipial” olduğunu vurğulamışdı. O, Pxenyanın Rusiyanın “böhranın əsas səbəblərini aradan qaldırmaq və suverenliyini qorumaq səylərini” dəstəkləməyə davam edəcəyini bildirmişdi.
Poliqon.info