Pxenyanda “xarici hərbi əməliyyat” iştirakçılarına həsr olunmuş muzey inşa ediləcək...
Poliqon xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının paytaxtı Pxenyanda Kursk vilayətinin azad olunması zamanı döyüşmüş koreyalı əsgərlərin qəhrəmanlıqlarına həsr edilən Memorial muzeyin inşasına başlanılıb. Bu barədə məlumatı Cənubi Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.
Cümə axşamı keçirilən təməlqoyma mərasimində KXDR lideri Kim Çen In, bir sıra yüksək vəzifəli partiya nümayəndələri, Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Aleksandr Matsehora və səfirlik əməkdaşları iştirak ediblər. Kim Çen In şəxsən memorialın tikintisini təşəbbüs edib və onu “xarici hərbi əməliyyat qəhrəmanlarına” həsr olunan kompleks adlandırıb. O, həmçinin Pxenyanın Hvason rayonunda tikinti sahəsini seçib və xüsusi seçilmiş inşaat dəstələrinin yaradılmasını tapşırıb.
Çıxışı zamanı KXDR rəhbəri bildirib ki, memorialın tamamlanmasından sonra Pxenyanda iki muzey fəaliyyət göstərəcək. Onlardan biri Yaponiya işğalından azadlığa, digəri isə “bugünkü döyüşlərin qələbələrinə” həsr olunacaq. O, “öz doğma torpaqlarından uzaqda, təntənəli vida mərasimləri olmadan, mükafat gözləmədən döyüşə gedən” koreyalı döyüşçülərin xatirəsinin əbədi yaşadılacağını vurğulayıb.
Kim Çen In çıxışında Koreya ilə Rusiya arasında “döyüş qardaşlığı illərinin” və “ədalətli iki qüdrətli dövlətin dostluğunun” daha da möhkəmlənəcəyini qeyd edib. Mərasimin sonunda iki ölkənin dövlət himnləri səsləndirilib, daha sonra Kim Çen In partiya, hökumət və ordu rəhbərləri ilə birlikdə simvolik olaraq lopa götürərək tikintiyə başlanıldığını elan edib.
Poliqon.info