BAKI, 24 oktyabr. TELEQRAF
Fələstinin HƏMAS və FƏTH hərəkatlarının nümayəndə heyətləri Qahirədə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi xəbər verir.
Məlumata görə, HƏMAS nümayəndə heyətinə hərəkatın Qəzzadakı lideri və baş danışıqlarçı Xalil əl-Həyyə, FƏTH tərəfini isə Fələstin vitse-prezidenti Hüseyn əş-Şeyx və ümumi kəşfiyyat xidmətinin rəhbəri Macid Fərəc təmsil edir.
Danışıqlarda həmçinin ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sabitliyin təmininə yönəlmiş sülh planının ikinci mərhələsi də müzakirə olunur. Vasitəçi rolunda çıxış edən Misir noyabrın ikinci yarısında Qəzzanın bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirməyə hazırlaşır.
Bununla yanaşı, Misir Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Rəşad Qahirədə Fələstinin Demokratik Azadlıq Cəbhəsinin baş katibi Fəhd Süleymanla görüşüb. Bu danışıqlar fələstinli fraksiyalar arasında milli həmrəyliyə nail olmaq və ABŞ-nin sülh təşəbbüsünü həyata keçirmək məqsədi daşıyır.
 
                        