BAKI, 24 oktyabr. TELEQRAF
Almaniyada quş qripi sürətlə yayılmağa davam edir. Hessen, Meklenburq-Ön Pomeraniya və Aşağı Saksoniya əyalətlərində həm vəhşi, həm də ev quşları arasında yeni yoluxma halları qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri yazır.
Bildirilir ki, Kelbra su anbarı ətrafında 500-dən çox ölü durna, Brandenburqda isə minlərlə quş tapılıb. Alimlər hadisəni “misilsiz epidemiya” adlandırır.
Payız mövsümündə köç edən quşların hər gün yeni ərazilərə enməsi virusun daha çox yayılmasına səbəb olur.
Fermer təsərrüfatlarında biotəhlükəsizlik qaydaları sərtləşdirilib. Brandenburq və Meklenburq-Ön Pomeraniya 160 mindən çox ev quşu məhv edilib.
Mütəxəssislər virusun quşların sinir sisteminə təsir etdiyini, onların hərəkətinə və istiqamət hissinə nəzarəti itirməsinə səbəb olduğunu bildirirlər.
Virusun yayılmasının qarşısını almaq məqsədilə Almaniyanın bir çox bölgəsində su hövzələri ətrafında gəzinti zonaları bağlanıb, quş müşahidə turları ləğv edilib.