BAKI, 24 oktyabr. TELEQRAF
Almaniya kansleri Fridrix Merts Rusiya aktivlərinin bundan sonra da dondurulmuş qalacağını və onların mümkün istifadəsi məsələsinin əlavə müzakirə tələb etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Merts Brüsseldə keçirilən Aİ sammitinin birinci günü ilə bağlı mətbuat konfransında qeyd edib.
“Dondurulmuş Rusiya aktivlərini müzakirə etməyə davam edəcəyik. Bu aktivlər dondurulmuş qalacaq. Faiz gəlirlərinin istifadəsi əvvəlki kimi davam edəcək. Bu baxımdan heç nə dəyişməyəcək”, - kansler deyib.
Merts əlavə edib ki, Avropa Komissiyası bu sahədə müxtəlif variantları nəzərdən keçirəcək, çünki mövcud məsələlər ciddi problemlər yaradır.
“Biz birgə hərəkət etməyə, bu məsələlərin həll yollarını axtarmağa razılaşmışıq. Əsas məqsədimiz gələn ildən Ukraynaya etibarlı maliyyə dəstəyini təmin etməkdir. Bu mövzuda qərarlar ilin sonunda qəbul ediləcək”, - Merts bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya aktivləri ilə bağlı Belçika hökuməti ilə əlaqədə olacaq.