AZ

III QHT Əməkdaşlıq Forumunda “Rəqəmsal QHT konsepsiyası” müzakirə olundu - Ceyhun Xəlilov/ FOTOLAR

2025-ci il 19–20 oktyabr tarixlərində Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının III Əməkdaşlıq Forumu keçirilib. Forumda ölkənin müxtəlif bölgələrindən olan QHT rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

“Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilov QHT.az-a açıqlamasında bildirib ki, forumun əsas məqsədi vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların və rəqəmsal həllərin təşviqidir:

“Panel müzakirələri zamanı bir daha əmin oldum ki, müasir dövrdə qeyri-hökumət təşkilatları yalnız yardım edən qurumlar deyil, həm də dövlət qurumları yanında etimadın strateji daşıyıcısına çevrilirlər. Forumun ikinci günündə keçirilən “Rəqəmsal QHT konsepsiyası: süni intellekt və rəqəmsal həllər” adlı panel müzakirəsi “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin sədri Osman Gündüzün moderatorluğu ilə baş tutub. Müzakirənin spikerləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Süni İntellekt Mərkəzinin nümayəndəsi Orxan Namazov və Ceyhun Xəlilov olublar. Sual-cavab formatında keçən paneldə “Rəqəmsal QHT” konsepsiyasının mahiyyəti, rəqəmsallaşma prosesində mövcud problemlər və onların həlli yolları müzakirə olunub.

Ceyhun Xəlilov vurğulayıb ki, Süni intellekt əsaslı rəqəmsal QHT konsepsiyası vasitəsilə məlumatların real vaxtda analizi, ehtiyacların düzgün proqnozlaşdırılması və daha məqsədyönlü fəaliyyətin təşkili mümkündür. Bu yanaşma QHT-ləri sadəcə monitorinq və sosial dəstək strukturundan çıxararaq, onları strateji tərəfdaş səviyyəsinə yüksəldir. O, əlavə edib ki, beynəlxalq təcrübədə bu model dövlət–vətəndaş–özəl sektor arasında etimad körpüsü rolunu oynayır və süni intellekt bu körpünü daha da möhkəmləndirir:

"Prezident İlham Əliyevin 2025-ci ilin mart ayında imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkədə süni intellektin inkişafı, institusional infrastrukturun gücləndirilməsi və texnologiyaların müxtəlif sahələrdə tətbiqinin sürətləndirilməsinə yönəlib. Bu formatda keçirilən forumlar ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında əvəzsiz rol oynayır. Əminəm ki, QHT sektorunun həyata keçirəcəyi düzgün fəaliyyət nəticəsində formalaşacaq yeni ekosistem modeli dövlətçilik siyasətimizə mühüm dəyər qatacaq."

Sonda Ceyhun Xəlilov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və əməkdaşlarına yaradılan imkanlara görə təşəkkürünü bildirib.

Seçilən
71
qht.az

1Mənbələr