Futbol üzrə İngiltərə milli komandasının sabiq qapıçısı Skott Karson 40 yaşında karyerasını başa vurduğunu bəyan edib.
Arena.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesbaında yazıb.
Xatırladaq ki, Karson son olaraq ölkəsinin “Mançester Siti” klubunda çıxış edib. O, sözügedən klubdan bu ilin yayında azad agent kimi ayrılmışdı.
Skott Karson “Mançester Siti”yə 2019-cu ildə icarə əsasında qoşulmuşdu. Onun bu klubla ilk müqaviləsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulmuşdu. “Derbi Kaunti”yə məxsus futbolçunun klubla müqavilə müddəti 2021-ci ildə bitəndə Karson “Mançester Siti” ilə ödənişsiz transfer əsasında müqavilə imzalamışdı. İngiltərə yığmasının sabiq qapıçısı o vaxtdan bəri hər il yayda bu klubla yeni müqavilə bağlayırdı.
Karsonun debütü 2004-cü ilin yanvar ayına təsadüf edir. 18 yaşında “Lids”in heyətində meydana çıxmış gənc Karson 22 illik futbolçu karyerasını məhz bu il baş vurub.
Təcrübəli qapıçının “Mançester Siti”də debütü isə 2021-ci ilin may ayına təsadüf edir. O zaman “şəhərlilər” “Nyukasl”ı məğlub etmişdilər. Karson “şəhərlilər”in forması ilə cəmi 2 rəsmi matça çıxıb və 3 qol buraxıb.
Skott Karson məhz “Mançester Siti”yə gəldikdən sonra, karyerasının qürub çağında oynamadan da olsa, müxtəlif titullara sahib çıxıb. Karson dördqat İngiltərə çempionu, ikiqat UEFA Çempionlar Liqasının, ikiqat UEFA Super Kubokunun, eləcə də İngiltərə Kuboku, Liqa Kuboku və klublararası dünya çempionatının qalibidir.
Xatırladaq ki, “Lids”in yetirməsi olan futbolçu, “Aston Villa”, “Şeffild Uensdey”, “Çarlton”, “Uiqan”, “Vest Bromviç”, “Bursaspor” kimi klublarda da çıxış edib. İngiltərə millisinin sabiq üzvü 2015-ci ildən “Mançester Siti”yə keçənə qədər “Derbi Kaunti”də forma geyinib. O, İngiltərə yığmasında da 4 oyun keçirib.

