AZ

Gürcüstan Cənubi Qafqazda hamıdan fərqli siyasət aparır... Nəticə yaxşı olmaya bilər


Sahil Kərimli: “Bu amil də Gürcüstana xoşagələn nəticələr vəd etmir”

Bu gün Cənubi Qafqazda 3 ölkənin inteqrasiyası ən vacib məsələ kimi nəzərdən keçirilir. Lakin siyasi oriyentasiyası baxımından bu 3 ölkə bir-birindən fərqlidir. Məsələn, Azərbaycanı götürək. Azərbaycanın xarici siyasəti çoxistiqamətlidir, çoxşaxəlidir.

Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlıq edir, diplomatik münasibətlərə malikdir, iki ölkə arasında intensiv gediş-gəliş var, bütün əlaqələr yerindədir. Eyni beynəlxalq və regional təşkilatlarda Azərbaycan da, Rusiya da təmsil olunur və iki ölkə arasında münasibətlər normaldır. Eyni zamanda Azərbaycanın Qərblə də, Avropa və Amerika ilə münasibətləri yaxşı inkişaf edib.

Eləcə də Ermənistanın müxtəlif ölkələrlə, o cümlədən də Rusiya ilə əlaqələri mövcuddur. Düzdür, Rusiya ilə əlaqələri bir az soyuq olsa da, yenə əlaqələr var və davam edir. Ermənistan Rusiyanın strukturlarından qopmur, MDB-də təmsil olunur, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində (KTMT) özü iştirak etməsə də, orda adı var. Avrasiya İqtisadi Birliyində Rusiya ilə bir yerdədirlər, orda iştirak edir, fəaliyyətdədir. Eyni vaxtda Avropa və Amerika ilə də münasibətləri yaxşıdır. Yəni Ermənistanı da çoxistiqamətli, çoxşaxəli siyasət aparan ölkə kimi qəbul etmək olar. Amma Gürcüstan Cənubi Qafqazın bu iki ölkəsindən xeyli dərəcədə fərqli görsənir. Gürcüstan bu gün, demək olar ki, Rusiya ilə bütün bağlarını kəsib, 2008-ci ildən diplomatik münasibətləri yoxdur, səfirliklər də fəaliyyətdə deyil. Gürcüstan iddia etsə də ki, biz 2028-ci, 2030-cu ildə Avropa Birliyinin üzvü olacağıq, amma Avropa təşkilatları Gürcüstanla bağlı müxtəlif bəyanatlar verirlər, Gürcüstanı müxtəlif məsələlərə görə ittiham edirlər. Gürcüstanın Avropa dövlətləri və ABŞ-la münasibətləri çox gərgindir. Demək olar ki, bu ölkə dünyada əlahiddə bir vəziyyətə düşüb. Gürcüstanın Cənubi Qafqazda Azərbaycandan və Ermənistandan belə fərqli siyasət aparması Cənubi Qafqazın vahid geosiyasi məkana çevrilməsi perspektivləri baxımından nə kimi bir gələcək vəd edir? Gürcüstanın belə fərqli siyasəti Cənubi Qafqazın vahid əməkdaşlıq formatına çevrilməsinə necə təsir göstərəcək? Məsələn, 3+3 regional əməkdaşlıq formatı alınmır, çünki Gürcüstan Rusiya ilə heç bir münasibətə malik deyil və sair.

“Gürcüstanın həyata keçirdiyi bu siyasət, tutduğu bu mövqe ilk növbədə bölgədə...”

Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Cənubi Qafqazda əsas hərəkətverici qüvvə və Cənubi Qafqazın güclü ölkəsi, bütün sahələr üzrə istinad ediləcək ölkə Azərbaycandır: “Azərbaycan həm siyasi, həm iqtisadi, həm hərbi potensialına görə Cənubi Qafqazın lider ölkəsidir. Azərbaycanla bu iqtiqamətdə rəqabət apara biləcək ikinci ölkə yoxdur. Təbii ki, Cənubi Qafqazda yerləşən ölkələr, xüsusən də Azərbaycan, Ermənistan və Gürcüstan üzərindən müəyyən maraqların təmin olunması istiqamətində məkrli planlar həyata keçirilib”.

S.Kərimli qeyd etdi ki, Cənubi Qafqaz, bu bölgədə yerləşən ölkələr daim Qərbin və Rusiyanın, eləcə də digər dövlətlərin maraqlarının kəsişdiyi bölgə kimi də xarakterizə oluna bilər. S.Kərimlinin sözlərinə görə, bəzi qüvvələr zaman-zaman öz məkrli planlarını məhz bu bölgədə həyata keçirməyi hədəfləyib, bu baxımdan onlar Cənubi Qafqaz ölkələrindən istifadə edərək bu bölgəni öz təsir dairələrinə salmaq, bununla da öz siyasətlərini yürütmək, nüfuzlarını qorumaq məqsədi güdüblər. “Azərbaycan dövləti qətiyyətli, çoxvektorlu, praqmatik, düşünülmüş, uzaqgörən, eyni zamanda da milli və dövlətçilik maraqlarına əsaslanan siyasəti ilə heç zaman hər hansısa xarici ölkənin diqtəsinə imkan verməyib. Bu istiqamətdə öz qətiyyətli siyasətini ortaya qoyub. Azərbaycan düşünülmüş balanslı siyasəti nəticəsində, əlbəttə ki, həm Rusiya, həm Avropa dövlətləri, həm də ABŞ-la münasibətləri paralel şəkildə inkişaf etdirmək istiqamətində həyata keçirib. Bu da düzgün siyasətdir. Son illər Azərbaycanın bu istiqamətdəki uğurlarını da görürük. Təbiidir ki, Cənubi Qafqazın “zəif bəndi”, “zəif halqası” Ermənistan olub və bəzi hallarda Gürcüstan üzərindən də müəyyən təxribatlar həyata keçirilib. Gürcüstanda müxtəlif inqilablar təşkil edib reallaşdırmaq və bununla da həmin ölkədə tez-tez hakimiyyət dəyişikliyi etmək müxtəlif illərdə həm Qərbin, həm də Rusiyanın planının tərkib hissəsi olub. Son dövrlərdə Gürcüstanda yenə də müəyyən gərginliyin, hakimiyyət dəyişikliyinə hazırlığın, yaxud da hakimiyyət uğrunda mübarizənin şahidi oluruq. Xüsusilə də Qərb dairələrinin Gürcüstanın qeyri-hökumət təşkilatlarına külli miqdarda vəsait ayırmaq yolu ilə lazım gələndə bu ölkəni qarışdırmaq və QHT-lərini ayağa qaldırıb hökumətə qarşı çevirmək kimi cəhdləri də olub. Bu gün Gürcüstanın hazırkı rəhbərliyi də çalışır ki, dövlət və milli maraqlara əsaslanan müstəqil siyasət yürütsün. Təəssüf ki, bu istiqamətdə Gürcüstanın hazırkı hakimiyyətinə müəyyən maneçiliklər törədilir. Azərbaycanın da böyük önəm verdiyi, Türkiyə ilə birgə təklif etdiyi 3+3 regional əməkdaşlıq formatı reallaşmadı. Çünki həmin ölkələr arasında müəyyən fikir ayrılıqları yarandı. Xüsusilə Rusiya və Gürcüstan arasındakı problemlər, fikir ayrılıqları şərait yaratdı ki, bu format masadan kənarda qaldı.

Amma ümumilikdə region ölkələrinin, Azərbaycanın və Gürcüstanın, son zamanlar onlara qoşulan Ermənistanın tranzit, yükdaşıma və enerji layihələri sayəsində birgə əməkdaşlığı imkan verəcək ki, Gürcüstan və Ermənistan da bölgənin inkişafına inteqrasiya edə bilsin.

Gürcüstanın yeritdiyi fərqli siyasətə gəlincə, bunları qeyd edə bilərik. Gürcüstanın həyata keçirdiyi bu siyasət, tutduğu bu mövqe ilk növbədə bölgədə - Cənubi Qafqazda gərginliklərin gələcəkdə də davam etməsi ilə nəticələnə bilər. Çünki Gürcüstan Qərblə problemlər yaşayır. Gürcüstanın Avropa İttifaqına üzv olması ilə bağlı cəmiyyətdə də rəylər, fikirlər birmənalı deyil. Çünki Gürcüstan cəmiyyətinin bir hissəsi Avropa İttifaqına üzvlüklə bağlı hökumətə çağırışlar edir, tələblər səsləndirir. Digər kəsim isə Avropa dəyərlərindən uzaq qalmaq, Gürcüstanın daha milli dövlətçilik maraqlarına üstünlük verməsi ilə bağlı tələblər ortaya qoyur. Eyni zamanda da Gürcüstanın Rusiya ilə münasibətləri heç də ürəkaçan deyil. Çünki Gürcüstanın hazırkı hakimiyyəti nə qədər Qərbdən üz döndərsə də, Avropa, Qərbmeylli siyasəti bir kənara qoysa da belə, bu o demək deyil ki, Gürüstanın Rusiya ilə münasibəti ideal vəziyyətdədir. Bu cür deyil. Belə təqdirdə də vahid, konkret, praqmatik siyasət yürüdülmədiyi zaman boyunca bu cür problemlər yaranacaq. Gürcüstanda daxili qarşıdurmalar olacaq, gərginlik yaranacaq, həm də maraqların toqquşması fonunda Gürcüstan üzərindən Cənubi Qafqazda müəyyən gərginliklər olacaq. Yəni Rusiya və Qərb Gürcüstan üzərində apardığı mübarizəni gələcəkdə də davam etdirəcək. Təbii ki, bu amil də Gürcüstana heç də xoşagələn nəticələr vəd etmir”-deyə S.Kərimli vurğuladı.

İradə SARIYEVA

Seçilən
100
baki-xeber.com

1Mənbələr