Qazaxıstanın şimal-qərbindəki Burlin rayonunda mənşəyi naməlum pilotsuz təyyarə partlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, pilotsuz təyyarənin qalıqları ucqar ərazidə, yaşayış məntəqəsindən kənarda aşkar edilib. Xəsarət alan və maddi ziyan olmayıb. Qazaxıstan Müdafiə Nazirliyi ölkənin hava məkanında monitorinqi gücləndirib və “bu cihazlara sahib ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələrə” başlayıb.
Qazaxlıstan KİV-inin yazdığına görə, Qızıltala kəndi yaxınlığında qəzaya uğrayan dron partlayıcılarla təchiz edildiyindən düşdüyü yerdə krater yaradıb. Şəkli çəkilən aparatın fraqmentlərdən birinin üzərinə Ukrayna dilində yazı görünür: “Не чипати. Рухома частина” (“Toxunma, hərəkətedici hissədir”).
Qızıltala kənd sakinləri şikayətləniblər ki, “az qala evlərinin damları uçacaqdı”.
Həmin rayon Rusiyanın Orenburq vilayəti ilə həmsərhəddir. Orenburq vilayətində “Qazprom”un bu yaxınlarda Ukrayna dronlarının hücumuna məruz qalmış ən böyük qaz emalı zavodu yerləşir. Oktyabrın 23-də səhər saatlarında bölgədə PUA təhlükəsi barədə xəbərdarlıq edilib, Orenburq və Orsk hava limanlarında “Xalça” planı işə salınıb.
Z-kanalları ehtimal edir ki, dron Aksay-CPC boru kəmərinə hücum etməyə cəhd göstərib. Bu əmər Qazaxıstan və Rusiyadan nefti Qara dənizdəki Novorossiysk limanına nəql etmək üçün nəzərdə tutulmuş Xəzər Boru Kəməri Konsorsiumunun bir hissəsidir.
Xatirə SADİQ