ABŞ prezidenti bildirib ki, Vaşinqton bu addımı qəbul etməyəcək, çünki ərəb ölkələrinə söz verib...
ABŞ prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməyə cəhd göstərəcəyi təqdirdə, ölkəsinin bu dövlətə bütün dəstəyini dayandıracağını bəyan edib.
Poliqon xəbər verir ki, bunu Tramp Time jurnalına 15 oktyabr tarixli müsahibəsində səsləndirib. Müsahibə ABŞ-nin Yaxın Şərqdə atəşkəs prosesində vasitəçilik roluna həsr olunub.
Jurnalist Trampdan İsrail koalisiyasının bəzi üzvlərinin Qərb sahilinin tam və ya qismən ilhaqı istiqamətindəki çağırışları barədə fikrini soruşub. Prezident bu suala qəti şəkildə cavab verib:
“Bu, baş verməyəcək. Baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Hazırda bu, mümkünsüzdür. Biz ərəb dünyasından böyük dəstək almışıq. İsrail bu addımı atsa, ABŞ-ın bütün dəstəyini itirəcək”, deyə Tram bildirib.
Trampın bu bəyanatı ABŞ-nin İsrail siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, Ağ Evin bu mövqeyi həm ərəb dövlətləri ilə diplomatik əlaqələri qorumağa, həm də Yaxın Şərqdə yeni gərginliklərin qarşısını almağa hesablanıb.
Poliqon.info