Ölkədə iribuynuzlu mal-qarada dabaq (ağız və dırnaq) xəstəliyi müşahidə olunur. Xəstəliyin yayılması cəmiyyətimizdə bir çox narahatlıqların da yaranmasına səbəb olub.
Bəs insanlar aldığı ətdə dabaq xəstəliyinin olub-olmadığını necə müəyyən edə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirdi ki, heyvanlarda dabaq xəstəliyi ağız nahiyəsində və ayaq hissələrində müşahidə olunur:
"Bu da seliyin axması, dil hissəsində yara və ayaqlarda yara formasında olur. Amma ət baxımından onu yalnız və yalnız mütəxəssislər laborator müayinələrdən müəyyənləşdirə bilərlər. Dəqiq laborator müayinələrdən sonra heyvan haqqında, onun cəmdəyi haqqında məlumat vermək olar".
Onun sözlərinə görə, baytarlar, sanki, bu məsələdə yaxalarını kənara çəkiblər:
"Niyə görə baytar həkimlər ictimaiyyətə bir məlumat vermək istəmirlər? Onların bilikləri əksinə, insanlarımızda fikir formalaşdıra bilər. Ət və ağartı məhsulları alanda baytarların fikirləri insanlara çox kömək ola bilər. Baytarlarımız maarifləndirmə prosesindənmi qorxurlar? Bu məsələ bir az mənim üçün qaranlıq qalıb. Bu məsələdə baytarlar danışıb, insanlarla söhbət aparmalıdırlar. Hansı ətin rəngi insanlar üçün problem yaradar və s. bu haqda məlumat verməlidirlər".
Aytəkin TOFİQQIZI