Oktyabrın 22-də Cənubi Koreya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş KSS-III sinifinin ikinci partiyasının (“Canq Boqo-3”) ilk dizel-elektrik sualtı qayığı olan “Can Yon Sil” suya buraxılıb.
Herbiand.az bildirir ki, mərasim Koje şəhərindəki Hanwha Ocean gəmiqayırma zavodunda baş tutub.
Mərasimdə 200-dən çox qonaq, o cümlədən Dəniz Əməliyyatlarının rəisi, admiral Kan Don Qil, yüksək rütbəli hərbi rəsmilər və müdafiə sənayesi nümayəndələri iştirak ediblər.
Qayığın dəniz qüvvələrinə təhvil verilməsi 2027-ci ilin sonunda gözlənilir. Daha çox yerli istehsal komponentləri və sistemləri ilə təchiz edilib. Bura litium-ion batareyaları da daxildir.
Sualtı qayıqların gövdəsinin uzunluğu 89,4 metr, eni 9,7 metrdir. Silahlanmaya 533 mm-lik altı torpedo borusu və 500 km-ə qədər mənzilli Hyunmoo-IV-4 ballistik raketlərinin atılması üçün on hüceyrəli şaquli buraxılış sistemi daxildir.
Bəxtiyar CƏFƏRLİ