AZ

“Azərbaycandan gələn xəbər erməniləri çox sevindirdi” - İrəvandan qayıdan Dilarə Əfəndiyeva ilə MÜSAHİBƏ

Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri İrəvandan qayıdıb. oktyabrın 21-22-də Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə ikitərəfli dəyirmi masa təşkil olunub. Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.

Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva səfərlə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb:

- Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin İrəvandakı görüşünün təşəbbüskarı kim idi? Dominos pizza

- Azərbaycan və Ermənistan ekspertləri tərəfindən birgə təşəbbüs oldu. Biz bir-birimizlə çoxdan yazışıb-danışırdıq. Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşü və Vaşinqtonda Birgə Bəyannaməninin imzalanmasından sonra biz başa düşdük ki, artıq vətəndaş cəmiyyətləri sülh təşəbbüslərini, bununla bağlı prosesi davam etdirməlidir.

- Orada kimlərlə görüşdünüz?

- Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan, həmçinin, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşdük.

- Görüşlərdə əsas diqqət nəyə yönəlmişdi?

- Bir çox məsələlərdən söz açdıq. Humanitar və kommunikasiya sahələrindən danışdıq. Çalışdıq ki, bütün cəmiyyətimizi narahat edən məsələləri müzakirə edək. Bütün bu söhbətlər üçün bir gün çox az vaxt idi. Amma kifayət qədər məhsuldar görüş oldu. Bu söhbətlər zamanı çox məsələləri müzakirə edib istiqamətlərini müəyyən etdik. Böyük nəticələr gözləmirik, çünki bu hələ tanışlıq idi. Davamlı görüşlər və müzakirələr olmalıdır.

- Azərbaycan nümayəndə heyətinə İrəvanda münasibət necə idi? Sizi görən ermənilər necə reaksiya verirdilər? Bilirdilər ki, azərbaycanlısınız? Necə qarşılayırdılar?

- Mən deyə bilmərəm ki, ümumi olaraq onların azərbaycanlılara münasibəti nə yerdədir. Ancaq biz küçəyə çıxdıq, oteldə yemək yedik və s. Bütün bu proseslər zamanı təhlükəsizliyimiz çox yüksək səviyyədə qorunurdu. Münasibət də çox yaxşı idi. Otel işçiləri, bizi qarşılayanlar Azərbaycandan gəldiyimiz barədə məlumatlı idilər. Otelin içərisində də hörmət və izzətlə qarşılandıq. Otel və restoran işçiləri bizə çox gözəl münasibət bəsləyir və qulluq edirdilər. Onlar tərəfdən heç bir təzyiq görməmişik.

- Deyə bilərikmi İrəvandan razı qayıtmısınız?

- Görüşü çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu görüş hər iki tərəf arasında isti münasibətlərin formalaşmasına şərait yaradacaq. Belə müzakirələr davamlı təşkil edilməli, vətəndaş cəmiyyətləri sülh prosesinə cəlb edilməlidir. Biz insanlarla danışıb sülh üçün müəyyən zəmin hazırlamalıyıq.

Biz İravanda olanda xəbər gəldi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu onlar üçün çox sevindirici bir xəbər oldu. Biz hiss etdik ki, onlar bu məsələdə həqiqətən də çox maraqlıdırlar.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
21
yenisabah.az

1Mənbələr