Azərbaycan hökuməti qarşıdakı iki il ərzində ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan 10 günəş və külək elektrik stansiyasının istismara verilməsini planlaşdırır. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihələr beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçiriləcək və onların nəticəsində ölkədə bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalında payı 2027-ci ildə 33,7 faiz, 2030-cu ildə 38 faiz, 2035-ci ildə isə 42,5 faiz səviyyəsinə çatdırılacaq.
Bu təşəbbüslər Azərbaycanın enerji sektorunda diversifikasiyanı gücləndirmək və karbon emissiyalarını azaltmaq siyasətinin tərkib hissəsidir.
Azərbaycan son illərdə “yaşıl enerji” keçidini sürətləndirərək Xızı-Abşeron, Cəbrayıl və Naxçıvan kimi bölgələrdə iri həcmli külək və günəş layihələrinə start verib.
Ölkə 2030-cu ilə qədər enerji istehsalında bərpa olunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmağı və “yaşıl enerji ixracçısı”na çevrilməyi hədəfləyir.
Gülnar Nazimqızı