Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin sözlərinə görə, Aktau yaxınlığında baş verən Embraer 190 təyyarəsinin qəzası ilə bağlı araşdırmanın yekun nəticələri Yeni ildən sonraya qədər dərc olunmaya bilər. "İstintaq üçün standart müddət təxminən bir il, bəlkə də bir az daha uzundur". Bozumbayev qeyd edib ki, hazırda bütün müvafiq işlər görülür. Baş nazirin müavini həmçinin komissiyanın beynəlxalq standartlara uyğun işlədiyini və hadisənin bütün hallarını hərtərəfli təhlil etdiyini vurğulayıb. Avqust ayında Bozumbayev bir neçə ay ərzində yekun hesabat təqdim etmək planlarını açıqlayıb. Onun sözlərinə görə, əsas komponentlərdən biri - modul avionika qurğusu - texniki tədqiqatların aparıldığı ABŞ-a ekspertiza üçün göndərilib.
Xatırladaq ki, təyyarə qəzası 25 dekabr 2024-cü ildə baş verib. Bakıdan Qroznıya uçan AZAL Embraer 190 təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 29-u sağ qalıb. Faciədən sonra beynəlxalq ekspertlərin iştirakı ilə araşdırma aparılıb və detallar Rusiya ilə Azərbaycan arasında ən yüksək səviyyədə müzakirə edilib.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Rusiyada aparılan istintaq, o cümlədən Qazaxıstandakı istintaqın obyektiv və şəffaf aparılacağına ümid edir.
Oqtay Qasımov
“Azərbaycan Prezidenti bəyan etmişdi ki, əgər proses obyektiv aparmayacaqsa, o zaman Azərbaycanın beynəlxalq məhkəmələrə də müraciət etmək kimi hüquqları var. Və biz ümid edirik ki, Vladimir Putin və Azərbaycan prezidentinin Düşənbədəki görüşündən sonra Rusiya tərəfi bu məsələni obyektiv araşdırmağa çalışacaq. Əlbəttə ki, inam çox yüksək deyil, etimad azdır. Amma ümid edək. Əgər doğrudan da qaneedici nəticələri olmayacaqsa, Azərbaycanın tələblərinə uyğun şəkildə istintaq obyektiv aparılmayacaqsa və cinayətkarlar cəzalanmayacaqsa, o zaman şübhəsiz ki, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək hüququnu özündə saxlayır”-deyə Oqtay Qasımov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.