Luvr təhqiqatında irəliləyiş: Cinayətkarların DNT izləri tapılıb
                    
                        Ajans.az xəbər verir ki,bu barədə ABC telekanalı məlumat yayıb.  Məlumata görə, izlər cinayətkarların dəbilqə və əlcəkləri üzərində müəyyən edilib. Hüquq-mühafizə orqanları həmin izlərin kimə məxsus olduğunu müəyyən etmək üçün laborator analizləri davam etdirir. Xatırladaq ki, oktyabrın 19-da səhər saatlarında Luvr muzeyinə silahlı şəxslər hücum edərək Apollon qalereyasına daxil olmuş və doqquz ədəd zinət əşyasını oğurlamışdılar. Oğurlanan əşyalar arasında Fransa imperatriçası Yevgeniyə məxsus tac, həmçinin Hollandiya kraliçası Hortense de Beauharnais və Fransa kraliçası Mari Amaliyaya aid tiara, boyunbağı, sırğalar və zümrüd qaşlı bəzək əşyaları olub. Fransa Mədəniyyət Nazirliyinin məlumatına əsasən, hadisə nəticəsində muzeyə təxminən 88 milyon avro məbləğində ziyan dəyib. Qeyd edək ki, İmperator Yevgeniyə məxsus tac artıq tapılıb – o, küçədə qırılmış vəziyyətdə aşkarlanıb. Quldurların şəxsiyyətinin müəyyənləşdirilməsi və onların axtarışı isə hələ də davam edir.  
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
