Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov İran ətrafında gedən son geo-siyasi durumla bağlı hafta.az-a açıqlama verib. Sabiq səfir qeyd edib ki, ABŞ lideri Donald Trampın Misirdə sammit təşkil edərək Qəzzada atəşkəslə bağlı sülh sazişi əldə etməsinə rəğmən hazırda Yaxın Şərq və ətraf regionda yenidən gərginlik artmaqdadır: “Qəzzada tərəflər atəşkəsi yenidən pozur və bu vəziyyətin daha da pisləşməsi, həmçinin bütün bunların İran ətrafındakı proseslərə də təsir göstərəcəyi gözlənilir.”
Diplomatın sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu var gücü ilə ABŞ prezidenti Donald Trampı İranın cəzalandırılmasının, yəni bu ölkəyə qarşı yeni savaşın başlatmağın zəruriliyinə inandırmağa çalışır:
"İsrail İranın nüvə proqramını və regiondakı fəaliyyəti ilə bağlı narahatlıq yaradaraq, yeni bir müharibə bəhanəsi axtarır. Bunu əsaslandırmaq üçün isə İsrail rəhbərləri İranın raket proqramı və nüvə silahı əldə etməyə çalışması məsələsini ABŞ və dünya birliyi qarşısında daha qızğın şəkildə irəli sürürlər..."
Bununla yanaşı, Həsənov Avropa Birliyinin, NATO-nun və ABŞ-ın İran əleyhinə yeni sanksiya paketi qəbul etməyə hazırlaşdığını da diqqətə çatdırıb:
"Əgər bu yeni sanksiya paketi qəbul edilərsə, İranın iqtisadiyyatı daha da ağırlaşacaq. Hal-hazırda İran hər sahədə – xarici siyasət, daxili siyasət, sosial məsələlər və regional məsələlər – ciddi böhranla üzləşib. Sanksiyalar bu vəziyyəti daha da pisləşdirəcək..."
“İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıq da davam edir”, -deyən həmsöhbətimiz İranın 450 kiloqram 60 faiz zənginləşdirilmiş uran ehtiyatını gizlətməsi və bununla bağlı heç bir açıqlama verməməsi məsələsinə toxunub.
"Beynəlxalq Atom Enerjisi Agentliyinə(MAQATE) ölkədə təftiş aparmağa icazə verilmir və bu, daha da böyük bir narahatlıq yaradır. Eyni zamanda, guya İranın uzun mənzilli ballistik raketlər istehsalını dayandırmadığı haqda informasiyalar da yayılır ki, bu da vəziyyətin daha da gərginləşməsinə səbəb olur", – deyə diplomat vurğulayıb.
Abbasəli Həsənov həmçinin, İranın daxili iqtisadi vəziyyətinin getdikcə daha da çətinləşdiyini bildirib:
"Gündəlik həyatda çətinliklər artıb, iqtisadi durum çox ağırlaşıb. İrana qarşı tətbiq edilən sanksiyalar və ölkə daxilindəki problemlər vəziyyəti daha da gərginləşdirir".
Sabiq səfirin fikrincə, bütün bu amillər İranın gələcəyini daha da qeyri-müəyyən edir və regiondakı sabitliyi təhlükəyə atır.
Sultan Laçın