AZ

Faizsiz kredit dövrü BAŞLAYIR - ŞAD XƏBƏR

Yazını böyüt
Yazını kiçilt

Gələn ildən Azərbaycanda faizsiz kreditlər təqdim oluna bilər. Bu barədə Mərkəzi Bankın maliyyə sektorunun Davamlı İnkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan “Halal Biznes Forumu”nda danışıb.

O, qeyd edib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlayacaqlar. Beynəlxalq təcrübə nəzərə alınaraq təhlükəsiz və mərhələli yanaşma seçilib. İlkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində İslam pəncərəsi modeli ilə təqdim olunacaq. Bu məhsulların tətbiqi üçün hüquqi və tənzimləyici çərçivənin hazırlanması mülki vergi məcəlləsi bankçılıq qanunu və digər normativ aktlara dəyişiklik üzərində işlənilir. Mərkəzi Bank bu dəyişiklikləri bank sektoruna təqdim edib.

Xatırladaq ki, son illərdə Azərbaycanın maliyyə sektorunda müşahidə olunan yeni trendlər arasında İslam bankçılığına marağın artması diqqət çəkir. 2024-cü ilin məlumatlarına əsasən, ölkədə İslam bankçılığı üzrə ixtisaslaşmış banklar yoxdur. Lakin faizsiz və şəriətə uyğun maliyyə məhsulları təqdim edən müəyyən sayda mikromaliyyə təşkilatı və banklar fəaliyyət göstərir. Ümumilikdə, ölkəmizdə mövcud olan 70-dən çox bankın cüzi hissəsi faizsiz məhsullar təqdim etməyə cəhd göstərir. Məsələn, bəzi banklar “mürabaha” (öncədən müəyyən edilmiş qiymətə məhsul satışı), “mudaraba” (gəlir paylaşımı) və “icarə” (kirayə) kimi İslam bankçılığı prinsiplərinə uyğun maliyyə xidmətləri təklif edir.

Ötən ilin statistik məlumatlarına görə, Azərbaycanda İslam bankçılığı məhsullarından istifadə edən fiziki və hüquqi şəxslərin sayı 15 mindən çox olub. Sahibkarların 20 faizi bizneslərini maliyyələşdirmək üçün faizsiz kreditlərə üstünlük verir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, 2019-cu ildən 2023-cü ilə qədər ölkəmizdə İslam bankçılığına uyğun investisiyaların həcmi 25 milyon dollardan 50 milyon dollara çatıb. Bu da 5 il ərzində 2 dəfədən çox artım deməkdir.

Mövzu ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib ki, İslam bankçılığı həm vəsaitlərin toplanması, həm də verilməsi baxımından daha xeyirlidir: “İnsanlar ora İslam şərtləri ilə halal yolla depozit yatırırlar. Sanki banka ortaq olurlar. Bura adi işçilər, təqaüdçülər də banka pullarını qoya bilərlər və ortaqlıq şərti ilə gəlirlərini götürürlər. Bu banklarda kiçik və orta sahibkarlar, ev almaq istəyənlər də yararlana bilər. İslam bankçılığı dünyanın 135 ölkəsində fəaliyyət göstərir. Türkiyədə bu bank aktivləri 80 milyard dollardan çoxdur. Burada vətəndaş pulu biznes məqsədi ilə alıbsa, əsas məbləğlə yanaşı, biznesdən əldə etdiyi qazancının müəyyən hissəsini də müqavilədə göstərilən müddət ərzində bankla bölüşür”.

Ekspert vurğulayıb ki, 2025-ci ilin əvvəllərindən etibarən Mərkəzi Bank tərəfindən bu istiqamətdə mühüm işlər görülür: “İlin sonuna kimi həyata keçiriləcək əsas işlərdən biri isə İslam bankçılığına dair qanunvericiliyin hazırlanması və yenidən işlənməsi, digəri isə suquqlarla bağlı qanunvericilik bazasının formalaşdırılmasıdır. Əsas addımlardan biri də ondan ibarətdir ki, Mərkəzi Bankın İslam İnkişaf Bankı Qrupuna müraciəti nəticəsində həmin qurum tərəfindən qrant ayrılıb. Bu qrant çərçivəsində qanunvericilikdə aparılacaq düzəlişlərlə bağlı istiqamətverici işlər həyata keçirilir. Bundan əlavə, 2024-cü il yanvarın 31-də Mərkəzi Bankın İdarə Heyətinin təsdiqi ilə xüsusi tənzimləmə rejimi – “sandbox” mexanizmi yaradılıb. Həmin sandbox çərçivəsində artıq bir sıra banklar tərəfindən İslam bankçılığı pəncərələrinin (şöbələrinin) açılması ilə bağlı layihələr təqdim edilib. Eyni zamanda, İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və İslam Ticarət və Maliyyə Korporasiyası tərəfindən bir sıra banklara özəl sektorun biznes fəaliyyətlərinin maliyyələşdirilməsi üçün orta hesabla 15–20 milyon ABŞ dolları həcmində vəsaitlər ayrılıb. Bu vəsaitlərdən artıq bir sıra yerli sahibkarlıq subyektləri dövriyyə vəsaitlərinin və əsas vəsaitlərin alınmasında fəal şəkildə yararlanır. Gələcəyə baxdıqda isə, Azərbaycanda İslam bankçılığının inkişafı istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Yaxın perspektivdə suquq bazarının formalaşdırılması ilə yanaşı, İslam sığortası (təkafül) bazarının inkişafı da nəzərdə tutulur”.

Məsələ ilə bağlı bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyib ki, İslam bankçılığı təkcə islam ölkələrində deyil, Avropada, Qərb dövlətlərində də geniş yayılıb: “Məsələn, Böyük Britaniya bu sahədə xüsusi olaraq seçilir. Hətta bir çox qeyri-müsəlman investor da bu faizsiz, şəriklik üzərində qurulan modeli üstün tutur. İslam bankçılığı etika və qarşılıqlı məsuliyyətə əsaslanan maliyyə modelidir. Bu modelin Azərbaycanda tətbiqi həm vətəndaşların seçim imkanlarını artıra bilər, həm də ölkə iqtisadiyyatına yeni sərmayə axınları üçün şərait yarada bilər. Hesab edirəm ki, Azərbaycan bu sahədə gecikir. Qazaxıstan, Qırğızıstan kimi ölkələr artıq 10-15 il əvvəl bu istiqamətdə hüquqi bazanı formalaşdırıblar. Biz isə hələ indi bu addımı atırıq. Gec də olsa, müvafiq tədbirlərə başlanılması müsbət haldır”.

Seçilən
50
hafta.az

1Mənbələr