Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2018-ci ildən bəri ilk dəfə ABŞ-a səfər edəcək və 18-19 noyabr tarixlərində keçirilməsi planlaşdırılan görüşdə vəliəhd Salman Oval kabinetdə ABŞ prezidenti Donald Trampla görüşəcək.
Hafta.az-ın yazdığına görə, görüşdə ABŞ və Səudiyyə Ərəbistanı arasında müxtəlif strateji əməkdaşlıq hədəflərinin, o cümlədən silah satışı və kəşfiyyat məlumatlarının mübadiləsinin müzakirə ediləcəyi gözlənilir.
Bloomberg xəbər verir ki, potensial razılaşmaya süni intellekt və nüvə əməkdaşlığı da daxil olacaq.
Bundan əlavə, təhlillər göstərir ki, Vaşinqtonla Ər-Riyad arasında birbaşa müdafiə sazişi dərhal imzalana bilməz. Lakin bu addımlar razılaşma yolunda mühüm hesab edilir. Qeyd olunur ki, "İran təhlükəsi" Vaşinqtonla Ər-Riyad arasında ortaq gündəm məsələsidir.
Ər-Riyadla Təl-Əviv arasında normallaşma danışıqları Həmas-ın 2023-cü il oktyabrın 7-də Əl-Əqsa daşqını əməliyyatından sonra başlayan Qəzza müharibəsindən sonra dayandırılıb.
Bəzi mənbələr Ər-Riyadın iki dövlətli həll üçün təzyiqi artıracağını bildirib. Trampın 20 bəndlik sülh planında isə Fələstin dövlətinin yaradılmasına zəmanət verən heç bir açıq müddəa yoxdur. Netanyahu da əvvəldən iki dövlətli həll yolunu qəbul etmək istəmirdi. “Bloomberg” həmçinin qeyd edir ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında biznes və müdafiə razılaşmaları İsraillə normallaşma prosesindən asılı olmayaraq davam edəcək.